Huawei şirkəti nova 16 seriyasını rəsmi olaraq təqdim edib. Yeni xəttə nova 16, nova 16 Pro və nova 16 Ultra modelləri daxildir. Smartfonlar böyük tutumlu 7000 mAh batareya, 100 vattlıq sürətli şarj yığımı, Kirin prosessoru və güclü kameraları ilə diqqət çəkir.
Baza modeli olan nova 16 6,68 düymlük OLED ekranla təchiz olunub. Ekran Full HD+ təsvir ölçüsünü, 120 Hz yenilənmə tezliyini və 2160 Hz PWM qaralma texnologiyasını dəstəkləyir. Smartfonun arxa hissəsində 50 MP əsas kamera, 3,3 qat optik yaxınlaşdırmaya malik 50 MP teleobyektiv və Red Maple rəng sensoru yerləşir. Ön kamera isə 50 MP-dir.
Huawei nova 16 Pro daha böyük 6,84 düymlük LTPO OLED ekran əldə edib. Yenilənmə tezliyi 1-120 Hz arasında dəyişir, maksimal parlaqlıq isə 6000 nitə çatır. Model Kunlun Glass qoruyucu şüşəsi ilə təchiz olunub.
Pro versiyasının əsas üstünlüyü 200 MP kameradır. Smartfon həmçinin 3,7 qat optik zumlu 50 MP teleobyektiv, 50 MP ultra genişbucaqlı kamera və əlavə fokuslama sensorları ilə təchiz edilib. Ön hissədə 50 MP selfi kamerası və ayrıca rəng sensoru yerləşir.
Seriyanın ən güclü modeli olan Huawei nova 16 Ultra isə qeyri-adi «binokl» formalı kamera dizaynı ilə seçilir. Burada 1/1,28 düymlük RYYB sensorlu 200 MP əsas kamera, 50 MP teleobyektiv, 50 MP ultra genişbucaqlı kamera və 1,5 milyon kanallı multispektral sensor istifadə olunub.
Hər üç modelin performansına Kirin 9010S prosessoru cavabdehdir. Soyutma üçün isə təkmilləşdirilmiş istilikötürmə sistemlərindən istifadə olunub. Ultra modelində Ice Bridge soyutma texnologiyası tətbiq edilib ki, bu da əvvəlki nəsillə müqayisədə istiliyin yayılmasını 25% yaxşılaşdırır.
Bütün nova 16 seriyası 7000 mAh batareya ilə təchiz olunub və 100 vattlıq sürətli şarj yığımını dəstəkləyir. Nova 16 Ultra əlavə olaraq 50 vattlıq naqilsiz şarj yığımı funksiyasına da malikdir.
Yeni smartfonlar artıq Çində satışa çıxıb. Nova 16 modelinin qiyməti 443 dollardan, nova 16 Pro modelinin qiyməti 576 dollardan, nova 16 Ultra modelinin qiyməti isə 694 dollardan başlayır.




































