Microsoft uzun müddətdir gözlənilən Fable oyununun çıxış tarixini yenidən dəyişdiyini elan edib. Beləliklə, məşhur fantaziya RPG seriyasının yeni hissəsi 2027-ci ilin fevral ayında satışa çıxacaq.
Şirkətin açıqlamasına görə, əvvəl nəzərdə tutulan buraxılış pəncərəsi — 2026-cı ilin payız və qış ayları — böyük oyunlarla həddindən artıq dolu idi. Həmin dövrdə bazara Halo: Campaign Evolved, Gears of War: E-Day, Call of Duty: Modern Warfare 4, Control Resonant, Star Wars: Galactic Racer və ən əsası, çoxdan gözlənilən Grand Theft Auto VI çıxacaq.
Məhz buna görə Microsoft oyunun əlavə vaxt qazanmasının daha doğru qərar olduğunu düşünür.
Bununla belə, oyunsevərlər üçün xoş xəbər də var. Tərtibatçılar yaxın günlərdə Fable-ın yeni oyun prosesini nümayiş etdirəcəklər. Yeni gameplay görüntülərinin 7 iyun tarixində keçiriləcək Xbox Games Showcase tədbirində təqdim olunacağı gözlənilir.
Xatırladaq ki, Fable oyunu Playground Games studiyası tərəfindən hazırlanır. Komanda daha çox məşhur Forza Horizon seriyası ilə tanınır. Layihə ilk dəfə 2020-ci ildə elan edilmişdi və əvvəlcə 2025-ci ildə təqdim olunması planlaşdırılırdı.









