Apple iPhone istifadəçilərinin təhlükəsizliyini gücləndirmək üçün mühüm qərar qəbul edib. Şirkət artıq iOS-un növbəti böyük versiyasını gözləmədən təhlükəsizlik yeniləmələrini dərhal yayımlamağa başlayıb. Bu dəyişiklik isə süni intellektin kibercinayətkarların imkanlarını əhəmiyyətli dərəcədə artırması ilə əlaqələndirilir.
Reuters agentliyinə açıqlama verən Apple nümayəndələri bildiriblər ki, süni intellekt hücum edənlərə təhlükəsizlik boşluqlarını daha sürətlə aşkar etməyə, həmçinin həmin boşluqlardan istifadə edən zərərli alətləri qısa müddətdə hazırlamağa kömək edə bilər. Buna görə də şirkət hazır olan təhlükəsizlik yamaqlarını növbəti iri iOS yeniləməsini gözləmədən istifadəçilərə təqdim etməyi planlaşdırır.
Əvvəllər Apple əksər hallarda təhlükəsizlik düzəlişlərini iOS-un böyük yeniləmələrinin tərkibində təqdim edirdi. Əgər müəyyən edilmiş boşluğun real hücumlarda istifadə edildiyinə dair sübut yox idisə, hazır yamaq növbəti planlaşdırılmış buraxılışa qədər saxlanılırdı.
Yeni strategiyaya əsasən isə təhlükəsizlik düzəlişləri bütün yoxlamalardan keçən kimi dərhal yayımlanacaq. Bunun ilk nümunəsi kimi istifadəçilər son təhlükəsizlik yeniləməsini iOS 26.6-nın böyük buraxılışından əvvəl əldə ediblər. Əvvəlki yanaşmada belə yeniləmələr həmin versiyanın çıxışına qədər təxirə salına bilərdi.
Apple vurğulayır ki, son bağlanan təhlükəsizlik boşluqlarının real kiberhücumlarda istifadə edildiyinə dair heç bir dəlil aşkarlanmayıb. Şirkətin bu addımı konkret insidentə cavab deyil, qabaqlayıcı təhlükəsizlik tədbiridir. Apple hesab edir ki, süni intellektin sürətli inkişafı boşluğun aşkar olunması ilə ondan istifadə edən hücum alətlərinin hazırlanması arasındakı vaxtı əhəmiyyətli dərəcədə azalda bilər və buna görə də operativ yeniləmələr artıq zərurətə çevrilib.








