Microsoft-un oyun bölməsində kadr dəyişiklikləri davam edir. Bu dəfə şirkəti Xbox Game Studios-un rəhbəri Kreyq Dunkan və studiyanın qərargah rəhbəri Luiza O’Konnor tərk ediblər.
The Game Business nəşrinin məlumatına görə, Craig Dunkan 2024-cü ildən tutduğu Xbox Game Studios rəhbəri vəzifəsindən ayrılıb. O, bu posta təyin olunmazdan əvvəl 14 il ərzində Rare studiyasına rəhbərlik edib.
Məhz onun rəhbərliyi dövründə studiyanın ən uğurlu layihələrindən biri olan Sea of Thieves təqdim edilmişdi. Dunkanın yerini hazırda Xbox-un məzmun üzrə direktoru olan Matt Booty tutacaq.
Vəzifədən ayrılması ilə bağlı açıqlama verən Dunkan bildirib ki, əsas məqsədi studiyalara və oyun yaradan komandalara dəstək olmaq, yüksək keyfiyyətli layihələr təqdim etmək və şirkətin gələcəyini formalaşdırmaq olub. Onun sözlərinə görə, bu müddət ərzində həm kommersiya baxımından uğurlu, həm də yüksək qiymətləndirilən oyunlar təqdim edilib.
Microsoft-u tərk edən ikinci şəxs isə Louise O’Connor olub.
O’Konnor 1999-cu ildən Rare studiyasında çalışırdı. Daha sonra ləğv edilən Everwild layihəsindən sonra studiyanı tərk edərək 2025-ci ilin sentyabrında Xbox Game Studios-un qərargah rəhbəri vəzifəsinə keçmişdi.
Hazırda hər iki rəhbərin gələcək planları barədə məlumat verilmir.








