Bestcomp Group-un 15 illik elektron sənəd dövriyyəsi platforması yeni mərhələyə qədəm qoyub. «AzDoc PRO» adı ilə təqdim olunan bu versiya artıq klassik iş axını avtomatlaşdırmasından kənara çıxaraq süni intellekt, low code konfiqurasiya və genişlənə bilən arxitektura kimi imkanlar təqdim edir. Şirkətin məhsul sahibi Calal Mustafayev bu dəyişikliklər barəsində danışdı.
— AzDoc uzun illərdir Bestcomp Group-un bazardakı ən tanınan məhsullarından biridir. İndi isə platforma «AzDoc PRO» adı ilə yenidən təqdim olunur. Bu dəyişikliyin səbəbi nədir?
— «AzDoc» Elektron Sənəd Dövriyyəsi proqramı artıq 15 ildən çoxdur ki, yerli bazarda geniş istifadə edilir. Bu müddət ərzində «AzDoc» 100-dən çox qurumda tətbiq edilib, hal-hazırda 20 mindən artıq aktiv istifadəçisi vardır. Məhsulun son versiyalarına əlavə edilən çoxlu sayda yeni funksionallıqlar, 3-cü versiyasından başlayaraq süni intelektin tətbiqi onun rebrendinq edilməsinə ehtiyac yaratmışdır. «AzDoc PRO»-da, artıq klassik elektron sənəd dövriyyəsi sistemindən söhbət getmir. Platforma daha geniş imkanlara sahib bir həllə çevrilmişdir. «PRO» əlavəsi məhz bu texnoloji yetkinliyi fərqləndirmək üçün istifadə edilmişdir.
— «AzDoc PRO» bazardakı digər elektron sənəd dövriyyəsi həllərindən nə ilə fərqlənir?
— Fərqlər çoxdur. Misal üçün tam konfiqurativ idarəetmə panelinə sahib olmasındadır. Platforma low-code/no-code prinsipi üzərində qurulub. Bu o deməkdir ki, qurumlar texniki komandanı işə cəlb etmədən öz iş proseslərini tez bir zamanda uyğunlaşdıra bilir. Bundan əlavə, daxili BPM modulu vasitəsilə iş axışlarını birbaşa sistemdən konfiqurasiya etmək mümkündür. Arxitektura müasirdir, genişlənə bilir və müxtəlif miqyasda biznes tələblərinə cavab verir və sairə.
— Süni intellekt bu yeni mərhələdə hansı rolu oynayır? «AzDoc PRO» bu istiqamətdə konkret nə təklif edir?
— Bəli, süni intellekt inteqrasiyası artıq ilkin mərhələdə istifadəçilərə təqdim olunur. Hazırda ilkin mərhələdə ağıllı axtarış, inkişaf etmiş hesabatlılıq və proseslərdə «bottleneck»lərin aşkarlanması kimi imkanlar təqdim edilir. Bu funksiyalar istifadəçilərə həm məlumatı daha sürətli tapmağa, həm də proseslərdəki gecikmələri analiz etməyə kömək edir. Növbəti mərhələlərdə isə süni intellektin sistem idarəetməsi və proses optimizasiyasında daha aktiv rol alması planlaşdırılır. Məqsədimiz sənəd dövriyyəsini sadəcə rəqəmsallaşdırmaq deyil, onu daha ağıllı və çevik etməkdir.
— Hədəf auditoriya kimdir? «AzDoc PRO» dövlət, özəl sektor, yoxsa hər ikisi üçün nəzərdə tutulub?
— Bu gün «AzDoc» Ədliyyə Nazirliyində, məhkəmələrdə, AZERCONNECT, Bakcell, bir sıra dövlət əhəmiyyətli qurumlarda və özəl şirkətlərdə tətbiq edilmışdir. Bu il bütün bu qurumların «AzDoc PRO»-ya keçidi planlaşdırılır. Artıq yeni müştərilərə ancaq «AzDoc PRO» təklif edilir. «AzDoc PRO» uyğunluq, şəffaflıq və audit imkanları ilə yanaşı, sürətli inteqrasiya və miqyaslanma ehtiyaclarını da vahid platforma üzərindən dəstəkləyir.
— «AzDoc PRO» mövcud dövlət sistemləri ilə inteqrasiya imkanları təklif edirmi?
— Bəli, bu bizim üçün prioritet istiqamətlərdən biridir. Hazırda «AzDoc PRO» SİMA, İRİA və MyGov platformaları ilə inteqrasiya edilib. «AzDoc PRO», SİMA İmza inteqrasiyası sayəsində sənədlərin biometrik və mobil əsaslı elektron imza ilə təhlükəsiz və çevik şəkildə imzalanmasına imkan yaradır.
— Qarşıdakı dövr üçün əsas hədəflər nələrdir?
— Əsas hədəfimiz «AzDoc PRO»-nu regionun ən müasir korporativ proses idarəetmə həllərindən birinə çevirməkdir. Süni intellekt və avtomatlaşdırma sahəsindəki investisiyalarımız davam edir. Mövcud inteqrasiya imkanlarını genişləndiririk, istifadəçi təcrübəsini daha da sadələşdiririk. İnanırıq ki, önümüzdəki illərdə «AzDoc PRO» həm şirkətlərin, həm də dövlət qurumlarının daxili idarəetmə yanaşmasına ciddi töhfə verəcək.

AzDoc PRO haqqında ətraflı məlumat üçün: azdoc.az








