Qlobal media bazarında son illərin ən böyük birləşmələrindən biri reallaşmaq üzrədir. Paramount Skydance şirkəti Warner Bros. Discovery korporasiyasını 111 milyard dollarlıq müqavilə çərçivəsində satın alır.
Məlumata görə, tərəflər arasında sövdələşmənin bu ilin sentyabr ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Bu birləşmə baş tutarsa, əyləncə sənayesində qüvvələr balansı ciddi şəkildə dəyişə bilər. Yeni media nəhəngi aşağıdakı aktivləri özündə birləşdirəcək:
- HBO
- CNN
- TBS
- HBO Max
- Paramount+
Bununla yanaşı, minlərlə film, serial və məşhur franşizadan ibarət nəhəng məzmun kitabxanası da vahid şirkətin nəzarətinə keçəcək.
Tərəflər birləşmə sazişini bu ilin fevral ayında imzalayıblar. İndi isə ABŞ Ədliyyə Nazirliyi sövdələşməni təsdiqləyib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, nazirlik şirkətlərdən hər hansı aktivin satılmasını tələb etməyib. Qurum hesab edir ki, bu birləşmə bazarda rəqabətə mənfi təsir göstərməyəcək və striminq, televiziya və kino sektorlarında istehlakçıların maraqlarına zərər vurmayacaq.
Buna baxmayaraq, proses tam başa çatmayıb. ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) və bir sıra Avropa tənzimləyici qurumları sövdələşməni araşdırmağa davam edir.
Eyni zamanda, Kaliforniya ştatının baş prokurorunun rəhbərlik etdiyi bir qrup ABŞ ştatı mümkün antimonopoliya riskləri və potensial kütləvi ixtisarlarla bağlı narahatlıqlar səbəbindən birləşməni məhkəmə yolu ilə dayandırmaq variantını nəzərdən keçirir.








