Android Authority portalının məlumatına görə, Google, Android 15 əməliyyat sistemindən istifadə etmək istəyən cihazların istehsalçılarına yeni tələblər qoyub.
Mütəxəssislərin fikrincə, Google-un yeni texniki tələbləri ən çox büdcəli smartfon istehsalçılarına zərər vuracaq, çünki bu, mövcud cihazların model seriyasını yeniləmək və ya yeni modelləri buraxmaq üçün çətinlik yaradacaq. Problem ondadır ki, yeni tələblərdən biri 32 GB daimi yaddaşın olmasıdır, və bunun ən azı 75%-i istifadəçi məlumatları üçün əlçatan olmalıdır.
Daha kiçik yaddaş həcminə malik cihazlar hələ də açıq mənbəli Android versiyasını istifadə edə bilsələr də, yeni standartlara uyğunluq, Google Mobile Services (GMS) sertifikatlaşdırılması üçün zəruridir. GMS, Google-un tətbiqlərinə, məsələn, Play Store-a giriş təmin edir. Bundan əlavə, 2 və ya 3 GB əməliyyat yaddaşına sahib cihazlar resursların optimallaşdırılmasını dəstəkləməlidir, 4 GB RAM olan istehsalçılar isə oxşar texnologiyaları tətbiq etmək imkanı əldə edəcəklər.
Qrafik imkanlar da prioritetlərdən biridir: cihazlar, Vulkan 1.3 və ya daha yeni versiyasını dəstəkləməli və OpenGL ES tətbiqləri ilə uyğunluq üçün ANGLE kitabxanalarını daxil etməlidir. Google həmçinin, eşitmə cihazları ilə uyğunluq üçün Bluetooth 5.0 və ya daha yüksək versiyanı tövsiyə edir və Widevine L1 protokolu üçün hardware dekoderləri əlavə etməyi təklif edir.
İnsayderlərin məlumatına görə, bu tövsiyələr Android 16 əsaslı cihazlar üçün məcburi olacaq.