Nothing növbəti maliyyələşmə raundunu başa vuraraq 200 milyon dollar cəlb edib və bazar dəyərini 1,3 milyard dollara yüksəldib. Bu fonda şirkətin həmtəsisçisi və baş direktoru Karl Pey şirkətin inkişaf planlarını bölüşüb və vurğulayıb ki, smartfonlar tədricən əsas cihaz statusunu itirir, gələcək isə yeni form-faktorlara məxsus olacaq.
Peyin sözlərinə görə, avadanlıq sənayesi “demək olar ki, inkişaf etməyib”, baxmayaraq ki, süni intellekt texnologiyaları sürətlə irəliləyir. O hesab edir ki, insanların fərdi ehtiyaclarına uyğunlaşacaq cihazlar və əməliyyat sistemləri üzərində düşünmək vaxtıdır: “Bu gün mövcud olan universal yanaşmadan fərqli olaraq, gələcəkdə milyardlarla insan üçün milyardlarla fərqli əməliyyat sistemi olacaq.”
«Zamanla bu əməliyyat sistemi bütün form-faktorlara uyğun universal platformaya çevriləcək: başlanğıcda smartfonlar, audio texnika və ağıllı saatlar – insanların gündəlik istifadə etdiyi cihazlarda tətbiq olunacaq. Gələcəkdə isə həmin əməliyyat sistemi ağıllı eynəklərdə, insanabənzər robotlarda, elektromobillərdə və hələ yaranacaq digər texnologiyalarda işləyəcək», — Nothing şirkətinin rəhbəri Karl Pey bildirdi.
Şirkətin strategiyası bazar tendensiyaları ilə üst-üstə düşür: Meta artıq süni intellekt funksiyaları dəstəkləyən Ray-Ban eynəkləri üzərində fəal işləyir, Samsung isə Android əsaslı qarışıq reallıq eynəklərini təqdim etməyə hazırlaşır.