HUAWEI rəsmi MatePad Mini planşetinin ilk tizerini yayımlayıb. Şirkət yeni cihazın dizaynını və təqdimat tarixini açıqlayıb, həmçinin insayderlərdən biri texniki xüsusiyyətlərin ehtimal olunan siyahısını paylaşıb.
Promo-şəkildə planşet açıq-yaşıl korpus rəngində göstərilib. Arxa qapaqda iki sensorlu dairəvi kamera modulu diqqəti cəlb edir, sağ yuxarı küncdəki şəbəkə indikatoru isə SIM kart dəstəyini təsdiqləyir (böyük ehtimalla cihaz 5G şəbəkələrində işləyəcək). Planşetin təqdimatı 4 sentyabrda Mate XTs adlı üçqat qatlanan smartfonla birlikdə keçiriləcək.
Çinli texnobloqçu Panda is very bald-ın məlumatına görə, cihazın qalınlığı 5 mm, çəkisi isə 260 qram olacaq. Bundan əlavə, o, korpusun qara və ağ rəng variantlarının da satışa çıxarılacağını iddia edir.
Qeyri-rəsmi məlumata əsasən, HUAWEI MatePad Mini 8,8 düymlük ekran (120 Hz yenilənmə tezliyi ilə), Kirin 9020 prosessoru və 6500 mA·s batareya (66 vatt sürətli şarj doldurma dəstəyi ilə) alacaq.
Mənbə həmçinin bildirir ki, standart modelə əlavə olaraq, HUAWEI antiparlaq örtüklü xüsusi MatePad Mini soft light versiyasını da təqdim edəcək. Yeni planşetin qiyməti hələ açıqlanmayıb.