SmartPrix portalı öz mənbələrinə istinadən xəbər verir ki, OnePlus şirkəti hazırda 13S adlı yeni smartfon üzərində çalışır. Qurğunun bu ilin ikinci rübünün sonunda təqdim olunacağı gözlənilir.
Yeni modelin Qualcomm-un Snapdragon 8 seriyalı prosessoru ilə təchiz olunacağı, 16 GB RAM və 512 GB daxili yaddaşa sahib olacağı bildirilir.
Bundan əlavə, cihazda 120 Hz yeniləmə tezliyinə və 1.5K təsvir ölçüsünə malik AMOLED ekran istifadə olunacaq. Avtonomluğu isə 6000 mAh tutumlu batareya təmin edəcək. Batareya həm 80 vatt gücündə sürətli naqilli, həm də 50 vatt gücündə naqilsiz enerji yığmanı dəstəkləyəcək.
Kameralara gəldikdə, smartfonda teleobyektiv modulu, optik stabilizasiyalı bir və ya bir neçə Sony sensoru ilə təchiz olunmuş arxa kamera sistemi yer alacaq. Ümumilikdə arxa paneldə 3 kamera, ön tərəfdə isə 32 MP-lik selfi kamerası nəzərdə tutulur.
Korpusun IP68 və ya IP69 standartlarına uyğun suya və toza qarşı qorunacağı gözlənilir. Rəng seçimləri olaraq qara və ağ təqdim ediləcək. Cihazın təxmini qiyməti isə 643 ABŞ dolları civarında olacaq.