Artıq sahibkarlar dövlət satınalmalarında tələb olunan sənədləri onlayn imzalaya biləcəklər
Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya çərçivəsində “SiMA İmza” dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi portalda (https://etender.gov.az/) sənədlərin “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalanması imkanı yaradılıb.
Hazırda sahibkarlar portalda şirkətlərin maliyyə hesabatlarını, eləcə də Dövlət Vergi Xidmətindən müvafiq arayışların əldə olunması ilə bağlı müraciətləri “SİMA İmza” ilə imzalaya bilərlər. Proses tam rəqəmsal formatda həyata keçirilir. Sahibkarlar heç bir xidmət mərkəzinə getmədən mobil tətbiq vasitəsilə rəqəmsal imza əldə edir və birbaşa portalda tender proseslərinə onlayn qoşula bilirlər.
Bununla da sənədlərin imzalanması prosesi sadələşdirilir, satınalma iştirakçılarının əməliyyat yükü azaldılır və prosedurların daha çevik və operativ icrasına imkan yaradılır. Eyni zamanda, imzanın onlayn əldə olunması kiçik və orta sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdırır, rəqabət mühitinin genişlənməsinə və proseslərin şəffaflığına töhfə verir.
Bu yenilik dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə ölkədə aparılan işlərin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda dövlət xidmətlərinin müasirləşdirilməsi və rəqəmsal platformalara keçirilməsi əsas istiqamətlər sırasında göstərilir.
“AzInTelecom” SİMA-nın tətbiq sahələrini genişləndirərək istifadəçilər üçün rahat və əlçatan rəqəmsal xidmət təcrübəsi yaratmağa davam edəcək.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.









