Google Made by Google təqdimatında yeni Pixel 11 seriyasını — Pixel 11, Pixel 11 Pro və Pixel 11 Pro XL modellərini nümayiş etdirib. Şirkət yeni nəsil Tensor G6 prosessoruna keçid edib, bütün modellərdə minimum 256 GB yaddaş təklif edir. Pro versiyaları isə daha inkişaf etmiş ekran və kamera imkanları, həmçinin yeni HiLight işıqlandırması ilə fərqlənir.
Pixel 11 Pro 6,3 düymlük LTPO OLED Super Actua ekranla təchiz edilib. Panelin təsvir ölçüsü 2856×1280 piksel, sıxlığı 495 ppi, maksimal parlaqlığı isə 3600 nit təşkil edir. Pixel 11 Pro XL-də isə 6,8 düymlük ekran var — 2992×1344 piksel və 486 ppi. Hər iki modeldə ekranın yenilənmə tezliyi 1–120 Hz arasında avtomatik dəyişir.
Smartfonların kamera blokunda yerləşən yeni HiLight LED işıqlandırması isə olduqca maraqlı funksiyaya malikdir. Telefonu ekranı aşağı vəziyyətdə masaya qoyduqda HiLight bildiriş indikatoruna çevrilir. Üstəlik, seçilmiş kontaktlar üçün fərqli işıq rəngləri təyin etmək mümkün olacaq.
Google Gemini ilə işləyərkən də HiLight öz animasiyasını dəyişir: süni intellekt istifadəçini dinlədikdə, sorğunu emal etdikdə və cavab hazırladıqda fərqli animasiyalar göstərilir. Şirkət gələcəkdə müxtəlif kontaktlardan gələn mesajlar üçün ayrıca bildiriş işıqlandırmasının fərdiləşdirilməsini də əlavə etməyi planlaşdırır.
Hər iki Pro modelinin “ürəyi” Tensor G6 prosessorudur. Təhlükəsizlik üçün yeni Titan M3 çipi də istifadə olunur. Google-un məlumatına görə, Tensor G5 ilə müqayisədə tətbiqlər 15% daha sürətli açılır, internetdə səhifələrin yüklənməsi isə 25% sürətlənib.
Kamera sistemi də kifayət qədər iddialıdır. Hər iki Pro modelində:
- 50 MP əsas kamera;
- 48 MP ultra genişbucaqlı kamera;
- OIS və 5x optik zoom dəstəkləyən 48 MP telefoto kamera var.
Pro Zoom funksiyası rəqəmsal yaxınlaşdırmanı 120x-ə qədər artırmağa imkan verir. Ön tərəfdə isə 103° baxış bucağına malik 42 MP avtomatik fokuslu kamera yerləşdirilib. Hər iki smartfon Video Boost rejimində 30 kadr/s sürətlə 8K video çəkə bilir.
Batareya və yaddaş
Pixel 11 Pro 4850 mAh batareya və 30 Vt simli şarjla təchiz olunub. Pro XL-də isə 5115 mAh batareya və 45 Vt şarj dəstəyi var. Google bildirir ki, 30 dəqiqə ərzində batareya müvafiq olaraq təxminən 55% və 75% doldurulur. Hər iki model həmçinin Qi 2.2 standartında 25 Vt gücündə Pixelsnap maqnitli naqilsiz şarjı dəstəkləyir.
Yaddaş seçimləri bütün Pro seriyasında eynidir: 12/256 GB, 16/512 GB və 16 GB/1 TB. Daha yüksək tutumlu versiyalarda sürətli Zoned UFS yaddaşından istifadə edilir.
Seriyanın baza modeli Pixel 11 də Tensor G6 və Titan M3 çiplərini əldə edib. Smartfon 6,3 düymlük OLED Actuae kranla təchiz olunub. Panel 2424×1080 piksel təsvir ölçüsünə, 60–120 Hz yenilənmə tezliyinə və 3000 nit maksimal parlaqlığa malikdir.
Cihazda 12 GB operativ yaddaş, 256 və ya 512 GB daxili yaddaş var.
Kamera sistemi isə üç moduldan ibarətdir: 48 MP əsas kamera, 13 MP ultra genişbucaqlı kamera və 5x optik zoomlu 10,8 MP telefoto kamera. Super Zoom rejimində yaxınlaşdırmanı 30x-ə qədər artırmaq mümkündür. Ön kamera 10,5 MP-dir və avtomatik fokus dəstəkləyir.
Pixel 11-in 4985 mAh batareyası 30 Vt PPS sürətli şarjı və 25 Vt-a qədər Pixelsnap naqilsiz şarjı dəstəkləyir. Telefon IP68 standartına uyğun olaraq suya və toza davamlıdır.
Qiymətlər və satış tarixi
ABŞ-da Pixel 11-in 256 GB versiyası 899 dollar, 512 GB modeli isə 1019 dollar qiymətində olacaq. Pixel 11 Pro-nun qiyməti 1099 dollardan, Pixel 11 Pro XL-in qiyməti isə 1299 dollardan başlayır.
Yeni smartfonlar 20 avqustdan satışa çıxarılacaq. Google bütün Pixel 11 seriyasına 7 il ərzində Android yeniləmələri, təhlükəsizlik yeniləmələri və Pixel Drop funksional yenilikləri vəd edir.












