SpaceX təkcə raketlər və peyklərlə kifayətlənmir. The Wall Street Journal-ın yaydığı məlumata görə, şirkət süni intellektlə təchiz olunmuş tamamilə yeni bir cihaz hazırlayır. Bildirilir ki, layihənin ilkin prototiplərindən biri artıq şirkətin birjaya çıxışı ərəfəsində investorlara nümayiş etdirilib.
Məlumata əsasən, yeni cihaz SpaceX-in hazırladığı xüsusi əməliyyat sistemi ilə işləyəcək və Qualcomm Snapdragon prosessoru üzərində qurulacaq. Qadcetin dizaynı və forması hələ açıqlanmasa da, mənbələrin sözlərinə görə, o, müasir iPhone modellərindən daha nazik olacaq.
Süni intellekt funksiyalarına isə SpaceXAI cavab verəcək. Bu bölmə SpaceX ilə xAI şirkətlərinin birləşməsindən sonra yaradılıb. Xatırladaq ki, xAI məşhur Grok çat-botunun müəllifidir. Bundan əlavə, yaxın zamanda AI əsaslı proqramlaşdırma platforması Cursor ilə tanınan Anysphere şirkəti də bu layihəyə qoşulub.
Bununla belə, İlon Mask yayılan məlumatlara dərhal reaksiya verərək onları «tamamilə yalan» adlandırıb.
Maraqlıdır ki, ilin əvvəlində Mask SpaceX-in gələcəkdə smartfon istehsalına başlaya biləcəyi fikrini dəstəkləmişdi. O, belə bir ehtimalı istisna etmədiyini və şirkətin hazırlaya biləcəyi smartfonun bazardakı ənənəvi cihazlardan ciddi şəkildə fərqlənəcəyini bildirmişdi.
Mask hələ 2024-cü ilin noyabrında da bəyan etmişdi ki, əgər Google və Apple ona məxsus şirkətlərin tətbiqlərinə senzura tətbiq etsələr, Tesla öz smartfonunu təqdim edə bilər.
Qeyd edək ki, Tesla-nın smartfon bazarına daxil olacağı ilə bağlı şayiələr artıq bir neçə ildir texnologiya dünyasında müzakirə olunur.









