Prosessinq mərkəzi bank kartları ilə aparılan əməliyyatların real vaxt rejimində emalını təmin edən təşkilatdır. O, ekvayer bank, emitent bank və ödəniş sistemi arasında informasiya və texnoloji əlaqəni təmin edir. Bununla belə, prosessinq mərkəzi ödəniş provayderi və ya aqreqator hesab olunmur.
Prosessinq mərkəzi pul vəsaitlərini saxlamır, müştəri hesablarını idarə etmir, kredit vermir və bankın daxili proseslərinə müdaxilə etmir. Onun əsas funksiyası kart və əməliyyat məlumatlarının yoxlanılması, tranzaksiyanın avtorizasiyası və əməliyyat nəticəsinin müvafiq tərəflərə ötürülməsidir.
Yeni qanunvericiliyə əsasən, prosessinq fəaliyyəti ödəniş sistemləri sahəsi üzrə tənzimlənir. Ödəniş sisteminin fəaliyyətini təşkil edən və onun qaydalarını müəyyən edən təşkilatlar “ödəniş sistemi operatoru” hesab olunur və Mərkəzi Bank istisna olmaqla, bu fəaliyyət müvafiq lisenziya əsasında həyata keçirilməlidir. Hazırda ölkədə prosessinq mərkəzi kimi tanınan Azərikard və MilliKart ödəniş sistemi operatoru kimi lisenziyaya malikdirlər.
Qanunvericiliyə görə, ödəniş sistemi üç və daha artıq iştirakçının üzv olduğu sistem kimi müəyyən edilir. Bu baxımdan, bankın daxili prosessinq infrastrukturu ayrıca ödəniş sistemi kimi fəaliyyət göstərmədikdə, ona ödəniş sistemi operatoru lisenziyası tələb olunmur.
Banklara hansı prosessinq mərkəzlərinin xidmət göstərdiyini və hansı bankların daxili prosessinq infrastrukturuna malik olduğunu aşağıda təqdim edirik:
1. Azərikard tərəfindən xidmət olunan banklar:
AccessBank, AFB Bank, ABB, Bank Avrasiya, Bank BTB, Bank Respublika, Premium Bank, Bank VTB, Expressbank, Yelo Bank, Rabitəbank, TuranBank, Xalq Bank və Ziraat Bank Azərbaycan.

2. MilliKart tərəfindən xidmət olunan banklar:
Azerpoçt, Azərbaycan Sənaye Bankı və Melli İran Bankı Bakı filialı.

3. Daxili prosessinq mərkəzinə malik banklar:
Kapital Bank, PAŞA Bank, Azər-Türk Bank, Bank of Baku, Unibank və Yapı Kredi Bank Azərbaycan.

Mənbə: cashless.az








