Google təqdim etdiyi Home Speaker ağıllı kolonkası üçün ön sifarişlərin qəbuluna başlayıb. Yeni cihaz süni intellekt əsaslı Gemini köməkçisi ilə təchiz olunub və Google-un ağıllı ev ekosisteminin vacib elementlərindən biri kimi nəzərdə tutulub.
Google Home Speaker ABŞ-da iyunun 25-dən etibarən 99 dollar qiymətinə satışa çıxacaq. Ön sifariş verən alıcılara bonus olaraq altı aylıq Google Home Premium abunəliyi təqdim olunur. Adətən aylıq 10 dollar olan bu xidmət istifadəçilərə Gemini Live funksiyasından yararlanmağa imkan verir. Bu rejimdə süni intellektlə adi söhbət aparmaq mümkündür və sistem yalnız sadə səsli əmrlərlə məhdudlaşmır.
Aylıq 20 dollarlıq əlavə paket isə Home Brief funksiyasını aktivləşdirir. Xidmət evdəki kamera, sensor və digər ağıllı cihazlardan məlumat toplayaraq istifadəçi üçün gündəlik xülasə hazırlayır.
Texniki baxımdan Home Speaker 58 mm-lik dinamik, 360 dərəcə səs dəstəyi və üç daxili mikrofonla təchiz olunub. Korpusun aşağı hissəsində məxfilik açarı və Gemini-nin fəaliyyətini göstərən dairəvi LED işıqlandırma yerləşir. İşıq indikatoru köməkçinin istifadəçini dinlədiyini, məlumatı emal etdiyini və ya cavab verdiyini göstərir.
Kolonkanı həm səslə, həm də üst paneldə yerləşən sensor düymələr vasitəsilə idarə etmək mümkündür. Qurğu dörd nüvəli Cortex-A55 prosessoru, xüsusi NPU modulu, 1 GB LPDDR4 operativ yaddaş və 4 GB eMMC yaddaşla təchiz olunub. Bağlantı üçün Wi-Fi 6, Bluetooth 5.6, Matter və Thread texnologiyalarına dəstək verilir.
İki Home Speaker kolonkasını birləşdirərək stereo sistem yaratmaq mümkündür. Bundan əlavə, cihaz Google TV Streamer, Nest displeyləri və Cast ekosistemindəki digər qurğularla birlikdə işləyə bilir.
Yeni model Porcelain (ağ) və Hazel (qoz rəngi) versiyalarında bir neçə bazarda satışa çıxacaq. Jade (nanə rəngi) və Berry (qırmızı) variantları isə yalnız ABŞ bazarı üçün nəzərdə tutulub.











