Dell gündəlik iş və təhsil üçün nəzərdə tutulmuş yeni XPS 13 noutbukunu təqdim edib. Şirkət yeniliyini kompakt ölçüləri, yüksək keyfiyyətli ekranı və münasib qiyməti ilə bazarda Apple MacBook Neo modelinə alternativ kimi mövqeləndirir.
Yeni Dell XPS 13 iki fərqli konfiqurasiyada satışa çıxarılacaq. Birinci versiya Intel Core Ultra 7 355 prosessoru və 16-32 GB operativ yaddaşla təchiz edilir. İkinci model isə Intel Core 5 320 çipi və 8-16 GB RAM ilə təklif olunur. Hər iki variant Wi-Fi 7 standartını dəstəkləyir və 256 GB-dan 1 TB-a qədər NVMe SSD yaddaşla təchiz olunur.
Noutbuk 13,4 düymlük sensor ekranla gəlir. Ekranın təsvir ölçüsü 2560×1600 piksel, yenilənmə tezliyi isə 30-120 Hz təşkil edir. Maksimum parlaqlıq səviyyəsi 500 nitə çatır.
Digər xüsusiyyətlər arasında 52 Vt/saat tutumlu batareya, işıqlandırmalı klaviatura, 0,8 mm düymə gedişi, mexaniki trekpad və infraqırmızı işıqlandırmaya malik 2 MP veb-kamera yer alır.
Alüminium korpuslu cihazın qalınlığı cəmi 12,7 mm, çəkisi isə təxminən 998 qramdır. Portlara gəldikdə, Core 5 320 versiyasında iki USB Type-C 3.2 Gen 2, Core Ultra 7 355 modelində isə iki Thunderbolt 4 portu təqdim olunur.
Yeni Dell XPS 13 qiymət baxımından MacBook Neo ilə eyni seqmentdə yarışacaq. Noutbukun başlanğıc qiyməti 699 dollar təşkil edir. ABŞ-da tələbələr üçün nəzərdə tutulan endirimlə isə qiymət 599 dollara qədər enir.










