ChatGPT ilə tanınan OpenAI şirkəti, əsas investoru olan Microsoft-a qarşı rəqabət qanunvericiliyinin pozulması ilə bağlı rəsmi şikayət verməyi nəzərdən keçirir. Bu barədə Wall Street Journal məsələ ilə tanış mənbələrə istinadən xəbər yayıb.
Müzakirələr, şirkətlər arasında 2019-cu ildən bəri mövcud olan əməkdaşlıq şərtlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlıdır. Həmin vaxt Microsoft, OpenAI-a 1 milyard dollar sərmayə qoymuşdu və müqaviləyə əsasən OpenAI modellərinin yalnız Azure bulud platformasında yerləşdirilməsi hüququnu əldə etmişdi.
Lakin hazırda OpenAI bu eksklüziv şərtlərin dəyişdirilməsinə çalışır. Məlumata görə, şirkət bu hüquqlardan imtina edilməsi müqabilində Microsoft-a yeni yaradılacaq biznes strukturu daxilində 33% pay verməyə hazırdır — əvəzində Microsoft gələcək gəlirlərdən hüququndan imtina etməlidir.
Tərəflər həmçinin pay bölgüsünün dəyişdirilməsi və digər müqavilə şərtlərinin yenilənməsi ilə bağlı danışıqlar aparır. OpenAI-in ictimai qeyri-kommersiya təşkilatına çevrilməsi üçün Microsoft-un razılığı vacibdir, lakin bir neçə ay davam edən müzakirələrə baxmayaraq, razılıq əldə olunmayıb.
Əgər danışıqlar uğursuzluqla nəticələnsə, OpenAI ABŞ-ın tənzimləyici qurumlarına müraciət edərək tərəfdaşlıq şərtlərinin araşdırılmasını tələb edə bilər.