Yaponiyanın Sony şirkəti smartfon istehsalında mövcud trendləri yenə də nəzərə almamaqda davam edir. Hələ rəsmi olaraq təqdim olunmamış Xperia 1 VII modeli ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) tərəfindən sertifikatlaşdırılıb. Bu proses zamanı smartfona dair yeni şəkillər və texniki göstəricilər üzə çıxıb. Ən diqqətçəkən məqam isə – bu flaqmanda yüksək tutumlu batareya gözləməyə dəyməz.
Xperia 1 VII modelinin render görüntüləri və real fotoları artıq dəfələrlə ortaya çıxıb, yeni şəkillər isə əvvəlki məlumatları təsdiqləyir. FCC sənədlərinə əsasən, cihazın ölçüləri 162 x 74,5 x 8,5 mm olacaq. Bu isə əvvəlki nəsil modeldən bir qədər qalındır (Xperia 1 VI – 162 x 74 x 8,2 mm). Yeni Xperia 1 VII 6,5 düymlük OLED ekranla təchiz ediləcək. Ekran 4K təsvir ölçüsü, 19.5:9 görüntü nisbəti və 120 Hz-ə qədər dinamik yeniləmə tezliyi təqdim edəcək.
Sertifikatlaşdırma zamanı məlum olub ki, smartfon 4850 mAh nominal tutumlu batareya ilə gələcək. Müqayisə üçün qeyd edək ki, müasir flaqman modellərinin əksəriyyətində 6000 mAh və ya daha yüksək tutumlu batareyalar istifadə olunur. Məsələn, daha kiçik ekran ölçüsünə (6,32 düym) malik OnePlus 13T modelində belə 6260 mAh batareya mövcuddur.
Gözlənilir ki, Sony Xperia 1 VII rəsmi olaraq 15 may tarixində təqdim ediləcək. Cihaza Snapdragon 8 Elite prosessoru, 48 MP əsas kamera, 12 MP ultra-geniş bucaqlı və 12 MP telefoto kamera ilə təchiz olunacağı bildirilir.