Çinli insayder Focused Digital-in paylaşdığı məlumata görə, Qualcomm-un yeni nəsil flaqman noutbuk prosessoru — Snapdragon X Elite 2 — əvvəlki model ilə müqayisədə 18–20% daha yüksək məhsuldarlıq göstərəcək. Yeni çipin takt tezliyi təxminən 4,4 GHz olacaq.
Müqayisə üçün qeyd edək ki, hazırda mövcud olan Snapdragon X Elite modeli maksimum 4,3 GHz tezliklə işləyir.
Hazırda Qualcomm noutbuk prosessorlarında TSMC-nin 4 nanometrlik N4 texnoloji prosesindən və Oryon nüvələrindən istifadə edir. Gələcək versiyalarda bu texnologiyanın dəyişib-dəyişməyəcəyi hələ məlum deyil.
Bununla belə, gözlənilir ki, nüvələrin sayı 12-dən 18-ə qədər artırılacaq. Şayiələrə görə, Qualcomm hal-hazırda yeni prosessoru 48 GB LPDDR5X operativ yaddaşa və 1 TB-lıq NVMe yaddaş qurğusuna sahib mühəndis nümunəli cihazlarda sınaqdan keçirir.
Yeni prosessorun çıxış tarixi isə hələ açıqlanmayıb.