Əvvəllər Apple büdcəli iPhone SE modellərini bir neçə ildən bir təqdim edirdi. Amma görünür ki, şirkət indi daha ucuz iPhone-ların istehsalını müntəzəm hala gətirməyi planlaşdırır.
Bu barədə tez-tez dəqiq məlumatları ilə tanınan Fixed Focus Digital məlumat verib. Məhz o, yeni ucuz modelin iPhone SE 4 deyil, iPhone 16e adlanacağını ilk dəfə bildirmişdi. İndi isə insayder deyir ki, Apple artıq iPhone 17e üçün istehsal xətlərinin dəyişdirilməsini müzakirə edir. Hətta telefonun artıq test istehsalı mərhələsində olduğu iddia olunur.
iPhone 17e haqqında hələ rəsmi məlumat yoxdur. Cihaz əvvəlki modelin dizaynını qoruyacaq, yoxsa yeni Dynamic Island ilə gələcək – bu da məlum deyil. Amma gözləntilərə görə, yeni model daha güclü prosessorla təchiz olunacaq.
Xatırladaq ki, iPhone 16e modeli, iPhone 16 və 16 Plus-da olduğu kimi, Apple A18 prosessorundan istifadə edir.
Güman olunur ki, Apple-ın iPhone 17e-ni hazırlamaq qərarına gəlməsində iPhone 16e-nin uğurlu satışları mühüm rol oynayıb. Bu model şirkətə 2025-ci ilin ilk rübündə dünyanın ən böyük smartfon istehsalçısı olmaq imkanı verib — tarixdə ilk dəfə.