Apple iPhone-u daha ciddi oyun platformasına çevirmək üçün yeni addım atmağa hazırlaşır. Bloomberg jurnalisti Mark Qurmanın məlumatına görə, şirkət iPhone üçün xüsusi oyun kontrollerləri üzərində işləyir.
Yeni aksesuarların hazırlanmasını Apple-ın sahibi olduğu Beats şirkəti həyata keçirir. Beats adətən Apple-ın öz məhsullarından daha münasib qiymətə satılan aksesuarları ilə tanınır. Apple yeni məhsul kateqoriyalarını sınaqdan keçirərkən də tez-tez Beats-dən istifadə edir.
Kontrollerlərin dizaynı, texniki xüsusiyyətləri və satışa çıxarılma tarixi hələlik məlum deyil. Bununla belə, Apple-ın bu bazarı perspektivli hesab etdiyi bildirilir.
Şirkətin oyun kontrolleri hazırlaması ilə bağlı ilk işarələr isə daha əvvəl macOS 26.7 beta versiyasının kodunda aşkarlanmışdı. Kodda T6502 və T1057 model identifikatorlarına malik iki fərqli kontrollerə dair məlumatlar tapılıb.
Mövcud məlumatlara əsasən, hər iki qurğu klassik oyun kontrolleri quruluşuna sahib olacaq: istiqamət düymələri, iki analoq çubuq, trigger və çiyin düymələri, həmçinin vibrasiya mühərrikləri nəzərdə tutulur.
Apple-ın iPhone üçün ayrıca kontroller hazırlaması şirkətin mobil oyunlara marağının artdığını göstərir. Xüsusilə Apple Arcade və iPhone-un güclənən qrafik imkanları fonunda bu cür aksesuarlar smartfonu konsola daha da yaxınlaşdıra bilər.









