Süni intellekt artıq təkcə mətn yazmır və şəkillər yaratmır – növbəti hədəf tammetrajlı filmlərdir. İlon Mask bildirib ki, onun hazırladığı Grok Imagine neyroşəbəkəsi yaxın gələcəkdə məşhur “Odisseya” poemasının öz ekran versiyasını təqdim edəcək.
Dünyanın ilk trilyonçusunun sözlərinə görə, layihə 2026-cı ilin sonunadək hazır olmalıdır. Mask vurğulayıb ki, film Homerin orijinal poemasına əsaslanacaq və əsərdə təsvir olunan hadisələrin tarixi kontekstini mümkün qədər dəqiq əks etdirməyə çalışacaq.
Bu açıqlama Grok Imagine platformasının imkanlarının nümayişindən sonra səsləndirilib. Qısa müddət əvvəl internetdə yayımlanan üç dəqiqəlik videoda süni intellekt personajları, səhnələri və dialoqları özü yaradaraq onları vahid hekayəyə çevirə bildiyini nümayiş etdirib.
Mask hesab edir ki, texnologiyanın hazırkı inkişaf tempi belə qısa nümayişlərdən tammetrajlı filmlərin istehsalına keçidi artıq real edir. Onun fikrincə, süni intellekt yaxın illərdə kino sənayesində də ciddi dəyişikliklərə səbəb olacaq.
Qeyd edək ki, “Odisseya” əsərinin süni intellektlə hazırlanmış ekran versiyasını bundan əvvəl rejissor Aş Kuşa da elan etmiş və filmin ilk treylerini təqdim etmişdi.








