Valve istifadəçilərin illərdir öyrəşdiyi funksiyaları tədricən yeniləməyə davam edir. Bu dəfə dəyişikliklər Steam-də mükafatlar sisteminə toxunub — və yeniliklər icma arasında artıq ciddi müzakirələrə səbəb olub.
Şirkət “İcma mükafatları”ın (Community Awards) uzərində yenidən işləyib. İndiyə qədər bu nişanlarla naşirlərin paylaşımlarını, eləcə də istifadəçi rəyləri və şərhlərini mükafatlandırmaq mümkün idi. İndi isə qaydalar dəyişib.
- Birincisi, bütün mükafatların qiyməti bərabərləşdirilib — hər biri 500 Steam xalı dəyərindədir.
- İkincisi, mükafatı alan istifadəçi artıq Steam xalı qazanmayacaq, lakin əldə etdiyi bütün mükafatları profil vitrininə əlavə edə biləcək.
- Üçüncüsü isə mükafatlar vizual olaraq yenilənib. Ən çox səs-küyə səbəb olan dəyişiklik isə məşhur “təlxək” nişanının yoxa çıxması olub — onun yerini indi gülən smaylik tutur.
Valve bu qərarın səbəbini belə izah edib:
“İlkin ideyaya görə Steam icma mükafatları yalnız vizual olaraq cəlbedici olmamalı, eyni zamanda onları alan istifadəçilərə az da olsa Steam xalı qazandırmalı idi. Məqsəd icma üçün dəyərli və keyfiyyətli kontent yaradan insanları təşviq etmək idi.
Lakin zamanla gördük ki, mükafatlar əsasən diqqət cəlb edən məhdud sayda paylaşıma verilir, daha dərin və yaradıcı işlər isə diqqətdən kənarda qalır”, — deyə Valve-ın açıqlamasında bildirilir.
Bununla belə, istifadəçilər vəziyyəti fərqli cür şərh ediblər. Sosial şəbəkələrdə və forumlarda belə fikirlər səslənir:
“Bəs niyə artıq rəylərə ‘xoruz’ və ya ‘təlxək’ qoymaq olmur? Çünki indi yalnız pozitiv reaksiyalar təşviq edilir. Mən milyardlarla Steam xalını nəzakətə xərcləmək istəmirəm”.
Yenilik artıq qüvvəyə minib. Beləliklə, Valve — YouTube-dan sonra — istifadəçilərin əlindən açıq şəkildə mənfi reaksiya bildirmək alətini almış oldu.




