Art-routerindən sonra Huawei daha bir qeyri-adi cihazını anons edib — bu dəfə söhbət portativ Wi-Fi nöqtəsindən gedir. Rəsmi tizerə əsasən, Mobile WiFi X modelində dizayna xüsusi diqqət yetirilib. Üstəlik, bu qurğu formasını dəyişə bilən “transformer” konsepsiyası ilə fərqlənir.
Mobile WiFi X-in əsas özəlliyi X hərfi formasında qatlanan korpusdur. Açıq vəziyyətdə cihazı masa üzərinə və ya istənilən düz səthə yerləşdirmək mümkündür. Huawei bildirir ki, bu konstruksiya yalnız vizual effekt üçün nəzərdə tutulmayıb: daha geniş daxili məkan əlavə antenlərin yerləşdirilməsinə imkan verir və bununla da siqnalın stabilliyini artırır.
Korpus üzərində daxili ekran da mövcuddur. Ekranda əsas məlumatlar əks olunur: siqnal səviyyəsi, batareyanın doluluğu, bağlantı statusu, operatorun adı və qoşulmuş cihazların sayı.
Hazırda Huawei Mobile WiFi X modelinin texniki xüsusiyyətləri açıqlanmayıb. Cihazın rəsmi təqdimatının 2026-cı ilin mart ayına yaxın keçirilməsi gözlənilir.





