spot_img
25 октября, 2025
spot_img
ДомойAI / MLBakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans...

Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib.

“Gülüstan” sarayında təşkil olunan konfransda hökumət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, yerli və beynəlxalq ekspertlər, 20-yə yaxın ölkədən 350 nəfərə yaxın şəxs iştirak edib. Tədbir DOST Agentliyinin fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu  konfrans, eyni zamanda DOST Agentliyinin yeni “SocGov” brendinin ilk dəfə təqdim olunması ilə sosial idarəetmədə innovasiyaların və düşüncə tərzinin yeni mərhələsinin başlanğıcını ifadə edir.

Prezident cənab İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amilinin dayandığını bildirən nazir bunun nəticəsi olaraq son illərdə sosial sahədə ardıcıl və dərin islahatların həyata keçirildiyini, 2018–2025-ci illərdə reallaşdırılan 5 böyük sosial islahat paketinin nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Sosial ədalətin, şəffaflığın təminatı, sosial sahədə xidmətlərin operativ göstərilməsi, inzibati metodlardan xidmət modelinə keçid istiqamətində aparılan işləri qeyd edən Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının bu istiqamətdə mühüm əhəmiyyətini vurğulayıb. O, DOST konsepsiyasının beynəlxalq uğurlarını, bir sıra ölkələrdə — Moldova, Özbəkistan və Serbiyada bu təcrübənin tətbiqinə xüsusi maraq göstərildiyini qeyd edib. Dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində son illər atılan mühüm addımları, Nazirliyin 18 altsistem, 4 reyestrdən ibarət olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya edildiyini, Nazirlik üzrə 150 xidmətin 90 faizdən çoxunun rəqəmsal platformadan, onlardan 52 xidmətin proaktiv qaydada təqdim edildiyini vurğulayıb.

Anar Əliyev bildirib ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə dövlət qurumları arasında 3 ildir ki, 1-ci yeri tutan Nazirlik son illərdə 250-yə yaxın beynəlxalq tanınma və mükafata layiq görülüb. Bu nailiyyətlər ölkəmizin sosial idarəetmə modelinin beynəlxalq aləmdə etibarlı, innovativ və insan mərkəzli bir nümunə kimi tanındığını göstərir.

Nazir süni intellekt texnologiyalarının tətbiqi istiqamətində Nazirliyin Strategiyası çərçivəsində hazırlanmış 3 illik Yol Xəritəsinə uyğun şəkildə işlərin aparıldığını qeyd edib. O, “Əlillik” altsistemində tətbiq edilən süni intellekt əsaslı funksionallıq vasitəsilə tibbi göndərişlərdə mətn analizinin həyata keçirildiyini, bu altsistemdə süni intellekt əsaslı məsləhət mexanizminin də hazırlanmaqda olduğunu bildirib. Bu mexanizmin qərarvermə prosesini sürətləndirməklə, obyektivlik və şəffaflığı daha da artıracağını, süni intellekt həllərinin məşğulluq və reabilitasiya sahələrində də tətbiqinin nəzərdə tutulduğunu, Nazirliyin bütün fəaliyyət sahələrində bu həllərin tətbiqinin strateji hədəflərdən olduğunu vurğulayıb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər. Onlar süni zəkanın sosial həyata təsirinin və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunduğu belə bir konfransın təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib. “Rəqəmsal dövlət və süni intellektlə transformasiya”, “Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik” və “Əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq” mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşüb, sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Konfransda xarici nümayəndələrə təşəkkürnamələr və simvolik hədiyyələr təqdim edilib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,864ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -