Google, süni intellektli Gemini sistemini bir çox xidmətlərinə inteqrasiya etməyə davam edir və indi növbə Google Maps-ə çatıb. Yenilik artıq tətbiqin beta versiyasında istifadəçilər üçün əlçatandır.
Gemini, əvvəlki Google Assistant-ın yerini tutacaq və naviqasiya ekranının sağ yuxarı küncündəki yeni işarə vasitəsilə aktivləşdiriləcək. Əvvəllər burada rəngli mikrofon ikonu yerləşirdisə, indi onu mavi romb şəklində yeni simvol əvəzləyəcək.
Yeni sistem istifadəçini menyular arasında axtarışdan azad edir — sadəcə səsli və ya mətn sorğusu ilə istənilən məlumatı almaq mümkündür. Məsələn, Gemini-dən marşrutu dəyişdirməyi, yolda hava şəraitini soruşmağı və ya dayanacaq tapmağı istəmək kifayətdir.
Beləliklə, Google Maps yaxın vaxtlarda daha ağıllı və interaktiv naviqasiya təcrübəsi təqdim edəcək.