OpenAI ChatGPT üçün böyük bir yeniləmə hazırlayır. Bu yenilik istifadəçilərə Excel (.xlsx) və PowerPoint (.pptx) formatlı sənədlərlə birbaşa çatda işləməyə imkan verəcək. İndi istifadəçilər cədvəllər və təqdimatlar yarada və redaktə edə biləcəklər — Microsoft Office və ya Google Docs kimi əlavə proqramlar açmağa ehtiyac qalmayacaq.
İndiyədək ChatGPT yalnız cədvəl və slaydların mətn versiyalarını hazırlaya bilirdi, amma istifadəçilər onları sonra əl ilə düzəltməli olurdular. Lakin The Information portalının məlumatına görə, OpenAI artıq Microsoft formatlarını birbaşa dəstəkləyən funksiyanı sınaqdan keçirir. Bu o deməkdir ki, istifadəçi çatda həm mətn, həm də vizual elementləri olan tam sənədlər yarada və onları uyğun formatda eksport edə biləcək.
Bu yenilik, Microsoft-un Excel və PowerPoint formatlarının spesifikasiyalarını açıq istifadəyə verməsi sayəsində mümkün olub. Bu səbəbdən, OpenAI ayrıca lisenziya almağa ehtiyac duymur. Yeni funksiyanın yalnız ChatGPT-nin premium istifadəçiləri üçün əlçatan olacağı və yaxın aylarda istifadəyə veriləcəyi gözlənilir.
Bununla yanaşı, OpenAI açıq mənbələrdən və ya korporativ məlumat bazalarından məlumat toplayaraq avtomatik hesabatlar hazırlaya bilən İA agentləri üzərində də çalışır. Şirkət eyni zamanda 18 iyul tarixində təqdimat tədbiri keçirməyi planlaşdırır, lakin tədbirin konkret məzmunu hələ açıqlanmayıb.