Samsung Display smartfonlar üçün yeni LEAD 2.0 OLED ekranını təqdim edib. Yeni panel əvvəlki nəsillə müqayisədə həm parlaqlıq, həm təsvirin axıcılığı, həm də enerji səmərəliliyi baxımından ciddi yeniliklər gətirir. Üstəlik, texnologiya artıq ilk seriya smartfonlarında istifadə olunmağa başlayıb.
M16 seriyalı OLED materialları əsasında hazırlanan ekran 2560 × 1440 piksel təsvir ölçüsünə malikdir. LTPO texnologiyası sayəsində yenilənmə tezliyi 1–165 Hz arasında avtomatik dəyişə bilir. Samsung enerji sərfiyyatının əvvəlki nəsil panellə müqayisədə 30%-ə qədər azaldığını bildirir.
Ekranın ümumi maksimal parlaqlığı 2800 nit təşkil edir. Lakin ayrı-ayrı hissələrdə bu göstərici inanılmaz 10 000 nitəqədər yüksələ bilir. Rəng əhatə dairəsi də genişləndirilib və P3 standartından 1,24 dəfə yüksəkdir.
Panel digər göstəriciləri ilə də diqqət çəkir. Burada 3300 Hz-ə qədər PWM tezliyi, sensor qatının 5000 Hz-ə qədər toxunma sorğulama tezliyi və günəş işığında əksolmanı azaltmaq üçün xüsusi örtük tətbiq edilib.
Samsung-un M16 nəsil OLED panelləri artıq iPhone 18 Pro və iPhone Duo modellərində istifadə olunur. Android dünyasında isə belə ekranla təchiz edilən ilk smartfon iQOO 16 olub.
Şayiələrə görə, gələn il yeni nəsil ekranları Galaxy S27 Pro və Galaxy S27 Ultra modellərində də görə bilərik. Əgər 10 000 nitlik lokal parlaqlıq real istifadə ssenarilərində də özünü doğruldarsa, smartfon ekranlarında HDR görüntünün keyfiyyəti üçün yeni mərhələ başlaya bilər.










