POCO qlobal bazarda yeni F9 Pro və F9 Ultra flaqman smartfonlarını təqdim edib. Hər iki model əslində ötən ay Çində nümayiş etdirilən Redmi K100 Pro və K100 Pro Max smartfonlarının qlobal versiyasıdır. Beynəlxalq modellərin əsas fərqi isə batareya tutumudur: Çin versiyalarındakı böyük akkumulyatorlar qlobal modellərdə bir qədər kiçildilib.
Belə ki, POCO F9 Pro 8580 mAs əvəzinə 6330 mAs, F9 Ultra isə 9070 mAs əvəzinə 8050 mAs batareya ilə təchiz olunub. Bununla belə, şarj sürəti dəyişməyib — hər iki smartfon 100 Vt naqilli, 50 Vt naqilsiz, 27 Vt əks naqilli və 22,5 Vt əks naqilsiz şarj doldurmanı dəstəkləyir.
185 Hz ekran və Snapdragon 8 Elite Gen 5
POCO F9 Pro 6,59 düymlük, 2510 × 1156 piksel təsvir ölçülü ekran əldə edib. F9 Ultra isə 6,9 düymlük, 2608 × 1200 piksel panelə sahibdir.
Hər iki modeldə 12 bitlik TCL M11 AMOLED ekran istifadə olunur. Panelin yenilənmə tezliyi 185 Hz, sensor qatının sorğu tezliyi 480 Hz, maksimal parlaqlıq isə 4500 nit təşkil edir. HDR10+, HDR Vivid və Dolby Vision dəstəyi, eləcə də DCI-P3 rəng məkanının 100%-lik əhatəsi də mövcuddur.
F9 Pro-nun əsasını 3 nm texnologiyası ilə hazırlanan Snapdragon 8 Elite Gen 5 V Series, F9 Ultra-nı isə çipin tam versiyası olan Snapdragon 8 Elite Gen 5 təşkil edir. Hər iki smartfonda Adreno 840 qrafik prosessoru və oyunlarda görüntünün emalına cavabdeh VisionBoost D8 köməkçi çipi var.
F9 Pro 12 GB LPDDR5X Ultra RAM və 256 və ya 512 GB UFS 4.1 yaddaşla təklif olunur. F9 Ultra isə 12 və ya 16 GB RAM, həmçinin 256 GB, 512 GB və ya 1 TB yaddaş variantlarına malikdir.
Smartfonlarda süni intellekt vasitəsilə görüntü keyfiyyətinin artırılması və kadrlararası yeni görüntülərin yaradılması funksiyaları da mövcuddur. WildBoost Optimization sistemi isə oyunun ssenarisinə və hədəflənən kadr tezliyinə uyğun olaraq prosessorun işini optimallaşdırır, temperaturu və enerji sərfiyyatını dinamik şəkildə idarə edir.
200 MP kamera və 8K video
POCO F9 Pro-nun arxa kamera sistemi üç moduldan ibarətdir. Əsas kamera 200 MP Samsung S5KHP5 sensoruna, optik stabilizasiyaya və f/1.68 diafraqmaya malikdir. Bundan əlavə, 8 MP genişbucaqlı kamera və 2,5x optik yaxınlaşdırmatəklif edən 50 MP telefoto kamera yerləşdirilib. Video çəkilişi maksimum 4K/60 kadr formatında mümkündür.
F9 Ultra da 200 MP əsas kamera ilə təchiz olunub. Onu 50 MP genişbucaqlı modul və 5x optik zoom dəstəkləyən 50 MP periskop kamera tamamlayır. Bu model 8K/30 kadr formatında video çəkə bilir.
Hər iki smartfonda 32 MP ön kamera quraşdırılıb və ön kamera ilə 4K/30 kadr video çəkmək mümkündür.
Bose səs sistemi və IP69 qorunması
Smartfonların audio sistemi Bose ilə birlikdə hazırlanıb. F9 Pro-da iki simmetrik 1115F dinamik, F9 Ultra-da isə iki 1115D dinamik və korpusun arxa hissəsində ayrıca 1620 sabvuferdən ibarət 2.1 sistem istifadə olunur.
F9 Ultra-da oyunçular üçün Bose Game Audio Engine funksiyası da var. Sistem vacib oyun səslərini, məsələn, rəqibin ayaq səslərini ön plana çıxara bilir.
Hər iki model 5G, Wi-Fi 7, Bluetooth 6.0, NFC, GPS, infraqırmızı port, iki nanoSIM və USB 3.2 Gen 1 Type-C bağlantılarını dəstəkləyir. Smartfonlar həmçinin IP68/IP69 səviyyəsində suya və toza davamlıdır. Barmaq izi skaneri ekranın altında yerləşən ultrasəs sensorudur.
Cihazlar Android 16 və HyperOS 3 interfeysi ilə işləyir. İstehsalçı 4 böyük Android yeniləməsi və 6 il təhlükəsizlik yeniləməsi vəd edir.
POCO F9 Pro-nun ölçüləri 157,49 × 75,25 × 8,79 mm, çəkisi 206 qramdır. F9 Ultra isə 163,49 × 77,94 × 8,74 mm ölçülərindədir və 235 qram ağırlığındadır. F9 Pro üçün arxa paneli qaranlıqda işıq saçan xüsusi lüminofor örtüklü versiya da hazırlanıb.
Qiymətlər gözləniləndən yüksəkdir
Qlobal bazarda POCO F9 seriyasının qiymətləri Çin versiyaları ilə müqayisədə xeyli yüksəkdir:
- POCO F9 Pro 12/256 GB — 699 dollar
- POCO F9 Pro 12/512 GB — 769 dollar
- POCO F9 Ultra 12/256 GB — 799 dollar
- POCO F9 Ultra 16/512 GB — 949 dollar
- POCO F9 Ultra 16 GB/1 TB — 1199 dollar
Avropada qiymətlər daha da yüksəkdir: F9 Pro 899,90 avrodan, F9 Ultra isə 1099,90 avrodan başlayır. Hər iki model artıq satışdadır.














