OpenAI yeni GPT-6 Astra süni intellekt modelini təqdim edib. Şirkətin yeni modeli kompüterlə işləmək, proqramlaşdırma və çoxmərhələli mürəkkəb tapşırıqları yerinə yetirmək sahəsində əvvəlki nəsillə müqayisədə ciddi irəliləyiş vəd edir. OpenAI rəhbəri Qreq Brokman Astra-nı şirkət üçün mühüm addım adlandırıb və hətta artıq “AGI erasında” olduğumuzu ehtimal edib.
GPT-6 Astra-nın əsas xüsusiyyətlərindən biri onun sadəcə suallara cavab verməklə kifayətlənməməsidir. Model tətbiqlərdə ardıcıl əməliyyatları müstəqil şəkildə yerinə yetirə bilir. Məsələn, formaları doldurmaq, təqvim və CRM sistemləri ilə işləmək, məlumatları təhlil etmək, saytlar hazırlamaq, həmçinin sənədlər, cədvəllər və təqdimatlar yaratmaq mümkündür.
OpenAI-nin məlumatına görə, Astra bir sıra testlərdə əvvəlki modeldən xeyli yüksək nəticə göstərib. ARC-AGI-3testində yeni model 99,9% nəticə əldə edib. Müqayisə üçün, GPT-5.6 Sol bu testdə 7,8% nəticə göstərib. Terminal-Bench 4.0 testində isə Astra 57,9%, əvvəlki model 37,3% nəticə əldə edib.
Kompüterdən istifadə bacarıqlarını yoxlayan OSWorld 2.0 testində GPT-6 Astra 72,6% nəticə göstərib və tapşırıqları sələfindən 47% daha sürətli yerinə yetirib.
Yeni model proqramlaşdırma və kibertəhlükəsizlik sahəsində də gücləndirilib. ExploitBench testində Astra 100% nəticə göstərərək GPT-5.6 Sol-un 78,5%-lik göstəricisini geridə qoyub. Bundan əlavə, model daha əvvəl məlum olmayan iki zəifliyi də aşkarlaya bilib.
Bu imkanlar təhlükəsizlik məsələlərini də gündəmə gətirib. OpenAI buna görə GPT-6 Astra-da qoruyucu mexanizmləri gücləndirib və mürəkkəb exploitlərin hazırlanması ilə bağlı bəzi tapşırıqların yerinə yetirilməsinə məhdudiyyətlər tətbiq edib.
Şirkət həmçinin bildirib ki, GPT-6 Astra-nın təlimində ilk dəfə 100 mindən çox GPU-dan istifadə olunub. Təlim prosesi Texasdakı Stargate məlumat mərkəzində aparılıb. Bu prosesdə OpenAI-nin əvvəlki süni intellekt modelləri də mühüm rol oynayıb.
Hazırda GPT-6 Astra yalnız məhdud sayda təşkilat üçün əlçatandır. Yaxın günlərdə modelə ChatGPT Plus, Pro, Business və Enterprise abunəçiləri, həmçinin OpenAI API, Microsoft Azure və AWS Bedrock istifadəçiləri çıxış əldə edəcəklər.
Pro, Business və Enterprise müştəriləri üçün GPT-6 Astra Pro versiyası da təqdim olunacaq. API vasitəsilə istifadədə 1 milyon giriş tokeninin qiyməti 10 dollar, çıxış tokenlərinin qiyməti isə 50 dollar təşkil edir.











