Lenovo yeni Legion R9000P noutbukunu təqdim edib. Şirkət onu IJP OLED texnologiyası ilə hazırlanan ekranla təchiz edilmiş dünyanın ilk noutbuku adlandırır. Yeni displey mürəkkəb püskürtmə (inkjet printing) üsulu ilə istehsal olunur ki, bu da OLED panellərinin istehsal xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
TCL CSOT tərəfindən hazırlanan 16 düymlük IJP OLED panel 240 Hz yenilənmə tezliyinə malikdir və DCI-P3 rəng məkanının 99%-ni əhatə edir. Lenovo həmçinin yeni ekranın ənənəvi OLED panellərlə müqayisədə daha yüksək parlaqlıq təqdim etdiyini bildirir. Legion R9000P modelinin digər texniki xüsusiyyətləri isə hələ açıqlanmayıb.
Mütəxəssislərin fikrincə, IJP OLED texnologiyası geniş yayılacağı təqdirdə, gələcəkdə oyun monitorlarında da istifadə oluna bilər. Bu isə həm OLED ekranların qiymətinin aşağı düşməsinə, həm də görüntü keyfiyyətinin daha da yaxşılaşmasına şərait yaradacaq.
Yeni nəsil ekranlardan istifadə edən digər istehsalçı isə MSI olub. Şirkət yaxın zamanda təqdim etdiyi Pro Max OLED 271UPJW12 monitorunda da bu texnologiyadan yararlanıb. Rəsmi olaraq ekranın istehsalçısı açıqlanmasa da, hazırda mürəkkəb püskürtmə üsulu ilə OLED panelləri istehsal edən yeganə şirkət TCL CSOT hesab olunur.









