Honor genişmiqyaslı rebrendinq həyata keçirərək brendin vizual üslubunu və mövqeyini yeniləyib. Şirkət bu dəyişiklikləri adi istehlak elektronikası istehsalçısından süni intellekt ekosistemi quran texnologiya şirkətinə çevrilməsi ilə əlaqələndirir.
Yenilənmə çərçivəsində əvvəlki «Go Beyond» şüarı tarixə qovuşub. Onu daha iddialı «Dare to Be» («Özün olmağa cəsarət et») şüarı əvəz edib. Loqotip də dəyişib: mətn hissəsinə yeni qrafik element əlavə olunub, brendin məşhur mavi rəngi isə daha parlaq PANTONE 2193C çaları ilə yenilənib.
Honor bildirir ki, rebrendinq şirkətin Honor Alpha Plan strategiyası və Augmented Human Intelligence (AHI) konsepsiyasının bir hissəsidir. Bu yanaşma insan zəkası ilə süni intellektin birgə işlədiyi vahid ekosistemin qurulmasını nəzərdə tutur. Şirkətin məqsədi artıq tək-tək cihazlar istehsal etmək deyil, bir-biri ilə əlaqəli ağıllı məhsullar ekosistemi yaratmaqdır.
Honor-un açıqladığı statistikaya görə, şirkət 2026-cı ilin ilk rübündə xarici bazarlarda gəlirlərini artıran yeganə Çin smartfon istehsalçısı olub. Bundan əlavə, brend qlobal qatlana bilən smartfon bazarında ikinci pilləyə yüksəlib.
Şirkətin gələcək planları da kifayət qədər iddialıdır. Honor yaxın illərdə Honor Robot Phone adlı yeni nəsil smartfonu, süni intellekt agentləri ilə işləmək üçün Agentic OS əməliyyat sistemini, eləcə də peşəkar kino avadanlıqları istehsalçısı ARRI ilə birgə hazırlanan AiMAGE bulud əsaslı hesablama fotoqrafiyası platformasını təqdim etməyi planlaşdırır. Bütün bunlar Honor-un süni intellekti məhsulların əsas elementi kimi görən yeni strategiyasının tərkib hissəsidir.







