BYD avtomobil sahibləri və küçə heyvanları üçün faydalı ola biləcək yeni təhlükəsizlik texnologiyasını patentləşdirib. Sistem avtomobil hərəkətə başlamazdan əvvəl onun alt hissəsini yoxlayır və orada pişik, it və ya digər canlı aşkar edərsə, sürücünü dərhal xəbərdar edir.
Yeni texnologiya avtomobilin altındakı məkanı xüsusi kameralar və kompüter görməsi alqoritmləri vasitəsilə skan edir. Mühərrik işə salındıqda sistem yeni görüntülər əldə edir və hər hansı kənar obyekt və ya hərəkət qeydə alınarsa, sürücüyə xəbərdarlıq göndərilir. Bu, xüsusilə park edilmiş avtomobillərin altında gizlənən heyvanların vurulmasının qarşısını almağa kömək edə bilər.
Yanlış xəbərdarlıqların sayını minimuma endirmək üçün proqram təminatı avtomobilin dəyişməyən hissələrini, o cümlədən asqı sistemini və şassini avtomatik olaraq nəzərə almır. Bundan əlavə, alqoritmlər palçıq, xırda daşlar və digər kiçik tullantıları da filtrdən keçirərək yalnız həqiqətən təhlükə yarada biləcək obyektlərə reaksiya verir.
Bu yenilik BYD-nin ağıllı təhlükəsizlik sistemlərinin inkişafı proqramının bir hissəsidir. Şirkət bundan əvvəl də radar siqnallarının analizi vasitəsilə avtomobilin arxa oturacağında unudulmuş uşaq və ya ev heyvanını aşkarlaya bilən texnologiyanı təqdim etmişdi.









