Apple yeni Apple Upgrade proqramını istifadəyə verməyə hazırlaşır. Bloomberg-in məlumatına görə, şirkət bu layihə çərçivəsində Klarna ilə əməkdaşlıq edəcək və istifadəçilərə iPhone, iPad, Mac və Apple Watch cihazlarını uzunmüddətli hissəli ödəniş əsasında əldə etmək imkanı yaradacaq.
Məlumata görə, proqramın 28 iyul tarixində istifadəyə verilməsi planlaşdırılır. iPhone və Apple Watch modelləri üçün ödəniş müddəti 24 aya, Mac və iPad üçün isə 36 aya qədər olacaq. Müddət başa çatdıqdan sonra istifadəçi cihazı geri qaytara, daha yeni modelə keçid edə, və ya qalıq məbləği ödəyərək özündə saxlaya biləcək.
Apple hazırda yalnız iPhone Upgrade proqramını təklif edir. Lakin şirkətin yeni müştərilər üçün həmin proqramı bağlayaraq bütün cihazları əhatə edən Apple Upgrade xidmətinə keçəcəyi gözlənilir.
Ekspertlər hesab edirlər ki, bu addım son aylarda yaddaş çiplərinin bahalaşması fonunda cihaz qiymətlərinin artmasını kompensasiya etmək məqsədi daşıyır. Süni intellekt bazarında artan tələbat səbəbindən yaranan yaddaş çatışmazlığı istehsal xərclərini yüksəldib və Apple da bu yaxınlarda məhsullarının qiymətlərini artıracağını açıqlamışdı.








