Google internetdə istifadəçilərin yoxlanılması üçün yeni reCAPTCHA sistemini sınaqdan keçirir. Ənənəvi olaraq svetoforları, velosipedləri və ya digər obyektləri seçmək əvəzinə, yeni sistem istifadəçidən cihazın kamerası qarşısında müəyyən əl hərəkətləri göstərməyi tələb edə bilər.
Şirkətin bu addımı atmasına səbəb süni intellekt əsaslı botların klassik CAPTCHA yoxlamalarını getdikcə daha asan keçməsidir. Google-un texniki sənədlərinə əsasən, istifadəçi kameraya giriş icazəsi verdikdən sonra sistem əl görüntüsünü analiz edir və barmaqla oynaqların mövqelərini müəyyən edən 21 əsas nöqtəni izləyir. Daha sonra həmin məlumatlar əsasında tələb olunan jestin düzgün yerinə yetirilib-yetirilmədiyi yoxlanılır.
Google vurğulayır ki, bu proses zamanı səs yazılmır və yalnız video görüntüdən istifadə olunur.
Yeni texnologiya məxfiliklə bağlı müzakirələrə də səbəb olub. Tənqidçilər hesab edirlər ki, istifadəçilərin kameraya giriş verməsi və əl hərəkətlərinin analiz edilməsi biometrik məlumatların emalı ilə bağlı əlavə suallar yaradır.
Google isə bildirir ki, yoxlama zamanı əldə edilən videolar istifadəçinin şəxsiyyəti ilə əlaqələndirilmir, üçüncü tərəflərə ötürülmür və proses başa çatdıqdan dərhal sonra silinir.
Hazırda yeni reCAPTCHA sistemi test mərhələsindədir. Şirkət əlavə edib ki, əlilliyi və ya fiziki məhdudiyyəti olan istifadəçilər üçün ənənəvi yoxlama üsulları da saxlanılacaq.









