Anthropic şirkəti adi çat-botlardan fərqli işləyən yeni süni intellekt həlli — Claude Tag-ı təqdim edib. Yeni sistem komandanın tamhüquqlu rəqəmsal əməkdaşı kimi fəaliyyət göstərərək tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.
Claude Tag birbaşa Slack platformasına inteqrasiya olunur, iş kanallarına, sənədlərə, müxtəlif servis və alətlərə, hətta kod repozitoriyalarına çıxış əldə edir. Bundan sonra əməkdaşlar sadəcə yazışmalarda @Claude qeyd etməklə ona tapşırıq verə bilirlər.
Yeni sistemin əsas üstünlüyü asinxron işləmə qabiliyyətidir. İstifadəçi tapşırığı verdikdən sonra öz işinə davam edə bilər, Claude isə bu müddətdə məlumatları toplayır, analiz edir, əlaqəli xidmətlərlə işləyir və nəticəni hazırlayır. Süni intellekt həmçinin növbəti addımları özü planlaşdıra və əlavə göstəriş olmadan saatlar, hətta günlərlə layihə üzərində işləyə bilir.
Fərdi AI köməkçilərindən fərqli olaraq, Claude Tag bütün komanda üçün ortaq iştirakçı rolunu oynayır. O, kanal daxilindəki müzakirələrin tarixçəsini görür, konteksti yadda saxlayır və vacib məlumatları toplamağa davam edir. Bu isə əməkdaşların hər yeni tapşırıq zamanı eyni məlumatları yenidən izah etməsinə ehtiyacı aradan qaldırır.
Şirkətin məlumatına görə, Claude Tag artıq Anthropic daxilində geniş istifadə olunur. Hazırda məhsul komandasında yazılan kodun təxminən 65%-i sistemin daxili versiyasının köməyi ilə hazırlanır. Bundan əlavə, AI məhsul göstəricilərinin təhlili, istifadəçi müraciətlərinin emalı, proqram xətalarının aşkarlanması və digər biznes proseslərində də istifadə edilir. Sistem hətta yarımçıq qalan müzakirələri izləyərək əməkdaşlara vacib məsələləri xatırlada bilir.
Claude Tag hazırda Claude Opus 4.8 modeli əsasında çalışır və beta mərhələsində yalnız Team və Enterprise tariflərindən istifadə edən korporativ müştərilər üçün əlçatandır.










