Sony yeni flaqman smartfonu Xperia 1 VIII modelini təqdim edib. Şirkət bu modeldə həm dizaynı, həm də texniki xüsusiyyətləri yeniləyib. Bununla yanaşı, bir çox istehsalçının artıq imtina etdiyi 3,5 mm qulaqlıq girişi və microSD kart yuvası kimi sevilən funksiyalar qorunub saxlanılıb.
Smartfonun ön hissəsində 6,5 düymlük OLED ekran yerləşir. Ekran Full HD+ təsvir ölçüsünə, 120 Hz yenilənmə tezliyinə və 19,5:9 formatına malikdir. Sony ənənəsinə sadiq qalaraq ekranda heç bir çıxıntı istifadə etməyib — 12 MP ön kamera yuxarı çərçivədə yerləşdirilib.
Xperia 1 VIII-in əsasını flaqman səviyyəli Snapdragon 8 Elite Gen 5 prosessoru təşkil edir. Cihazın ən güclü versiyası 16 GB RAM və 1 TB daxili yaddaşla təchiz olunub. Üstəlik, yaddaşı microSD kart vasitəsilə genişləndirmək mümkündür.
Smartfon 5000 mAh tutumlu batareya ilə təchiz edilib. 30 Vt naqilli sürətli şarj doldurma və 15 Vt naqilsiz şarj doldurma dəstəklənir. Sony bildirir ki, orta istifadə rejimində cihaz iki günədək işləyə bilir.
Kamera sistemi də ciddi şəkildə yenilənib. Arxa paneldə 48 MP əsas kamera (24 mm, f/1.9, OIS), 48 MP ultra genişbucaqlı kamera (16 mm, f/2.0) və yeni 48 MP telefoto modul (70 mm, f/2.8) yerləşir. Sony bildirir ki, bütün sensorlar RAW faylların çoxkadr emalını dəstəkləyir. Bu, dinamik diapazonu artırır, zəif işıqda səs-küyü azaldır və həm işıqlı, həm də qaranlıq sahələrdə daha balanslı nəticə əldə etməyə kömək edir.
Xperia Intelligence platformasına əsaslanan AI Camera Assistant çəkiliş obyektini, hava şəraitini və digər amilləri analiz edərək istifadəçiyə optimal kamera ayarlarını tövsiyə edir. İstifadəçi istər süni intellektin təklif etdiyi parametrləri seçə, istərsə də ayarları əl ilə dəyişə bilər.
Musiqi həvəskarları üçün daha bir vacib üstünlük — 3,5 mm audio girişinin qorunmasıdır. Bundan əlavə, cihaz dərin baslar, aydın yüksək tezliklər və geniş səs səhnəsi təqdim edən stereo dinamiklərlə təchiz olunub.
Sony Xperia 1 VIII qara, bordo, gümüşü və qızılı rənglərdə təqdim edilib. Avropada modelin qiyməti 12/256 GB versiyası üçün 1499 avrodan başlayır. 16 GB RAM və 1 TB yaddaşa malik xüsusi Native Gold versiyasının qiyməti isə 1999 avro təşkil edir.











