Apple şirkəti illik tərtibatçılar konfransı WWDC 2026-nın 8–12 iyun tarixlərində keçiriləcəyini rəsmi olaraq elan edib. Tədbir ənənəvi olaraq Apple Park kampusunda baş tutacaq və bu il “Coming Bright Up” şüarı altında təşkil olunacaq.
Konfransın əsas təqdimatı 8 iyun tarixində Kaliforniya vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq. Apple burada iOS 27, iPadOS 27, macOS-un yeni versiyası və digər əməliyyat sistemlərini təqdim edəcək. Bundan əlavə, süni intellektlə gücləndirilmiş yeni Siri və Apple Intelligence platformasının növbəti yenilikləri də nümayiş olunacaq.
WWDC 2026 proqramına 100-dən çox tədris videosessiyası, texniki seminarlar və onlayn laboratoriyalar daxildir. İştirakçılar Apple mühəndislərinə suallar verə, Apple Intelligence, oyun texnologiyaları, qrafika və maşın öyrənməsi ilə bağlı praktiki məlumat əldə edə biləcəklər.
Konfransın canlı yayımı Apple Developer saytı, Apple Developer tətbiqi və Apple Developer YouTube kanalı vasitəsilə izlənilə biləcək.







