Steam istifadəçiləri üçün yeni dizaynı test etməyə başlayıb. Yenilənmiş baş səhifə hələlik yalnız beta-versiyada mövcuddur, lakin artıq platformanın gələcək görünüşü barədə təsəvvür yaradır.
Maraqlıdır ki, bu dəyişikliklər qismən Epic Games Store ilə rəqabətin nəticəsi kimi qiymətləndirilir — uzun illərdən sonra Valve platformanı aktiv şəkildə yeniləməyə başlayıb.
Yeni dizaynda əsas dəyişikliklər bunlardır:
- İş sahəsi genişləndirilib
- Oyunların şəkilləri daha böyük və diqqətçəkən olub
- Kursoru oyunun üzərinə gətirdikdə geniş təsvir və məlumat olan pəncərə açılır
Bu yanaşma istifadəçilərə mağazadakı oyunları daha rahat araşdırmağa imkan verir.
Bundan əlavə, yeni bölmələr də əlavə olunub. Artıq istifadəçilər istək siyahısındakı endirimdə olan oyunları və aldıqları oyunlar üçün əlavələri (DLC-ləri) ayrıca bölmədə görə biləcəklər.
Hələlik bu yeniliklərin nə vaxt Steam-in stabil versiyasına gələcəyi açıqlanmayıb. Valve istifadəçi rəylərinə əsaslanaraq dizaynı test edir və ehtiyac olarsa əlavə dəyişikliklər edəcək.






