Shuhei Yoshida illər sonra sükutu pozaraq Sony daxilində baş verən qalmaqallı dəyişikliklərin arxa planını açıqlayıb. Onun sözləri xüsusilə PlayStation fanatları üçün yeni müzakirə mövzusu yaradıb.
2008–2019-cu illərdə SIE Worldwide Studios-a rəhbərlik edən Yoşida qəfil olaraq PlayStation Indies bölməsinə keçmişdi. O vaxt bu qərar çoxlarını təəccübləndirmişdi. İndi isə səbəb bəlli olub — Avstraliyada keçirilən ALT: GAMES festivalında o, həqiqəti açıq şəkildə dilə gətirib:
“Məni o vəzifədən uzaqlaşdırdılar. Jim Ryan məni daxili studiyalardan kənarlaşdırmaq istəyirdi, çünki onu dinləmirdim. O, məndən bəzi absurdlər tələb edirdi, mən isə israrla ‘yox’ deyirdim.”
Yoşida bunu zarafatla desə də, 2025-ci ildə verdiyi açıqlama vəziyyətin heç də sadə olmadığını göstərmişdi. Ona seçim təklif olunmuşdu: ya indie layihələrlə məşğul olmaq, ya da şirkətdən ayrılmaq. O isə müstəqil oyunlara olan sevgisinə görə birinci variantı seçmişdi.
Maraqlıdır ki, Yoşida rəhbər olduğu dövrdə oyun sənayesinin ən böyük hitlərinə töhfə verib. Onun iştirakı ilə God of War, Uncharted, The Last of Us və Ghost of Tsushima kimi layihələr hazırlanıb. Xüsusilə Ghost of Tsushima onun rəhbər kimi son böyük işlərindən biri olub.
Digər tərəfdən, Jim Ryan dövrü daha çox servis tipli oyunların kütləvi inkişafı ilə yadda qalıb. Lakin bu layihələrin bir çoxu — o cümlədən God of War və The Last of Us əsasında planlaşdırılan oyunlar — sonradan ləğv edilib. Ehtimal olunur ki, Yoşidanın “absurd” adlandırdığı qərarlar məhz bu strategiya ilə bağlı idi.






