Microsoft yeni strategiya seçib — amma bu qərar istifadəçiləri heç də sevindirməyib. Apple-ın MacBook Neo modeli bazarda populyarlıq qazanarkən, Microsoft rəqabəti ucuz modellərlə deyil, qiymət artımı ilə qarşılamağa qərar verib.
Belə ki, əvvəllər daha əlçatan sayılan cihazlar artıq xeyli bahalaşıb. 12 düymlük Surface Pro planşeti (əvvəl 799 dollardan başlayan qiymətlə) indi 1 049 dollara, 13 düymlük Surface Laptop isə 899 dollar əvəzinə 1 149 dollara təklif olunur.
Daha güclü versiyalar da istisna deyil: 2024-cü ildə təqdim olunmuş 13 düymlük Surface Laptop və Surface Pro modellərinin başlanğıc qiyməti artıq 1 499 dollara çatıb — bu da əvvəlkindən 300 dollar baha deməkdir.
Məlumatlara görə, Microsoft bu addımı “yaddaş və komponentlərin qiymətinin artması” ilə izah edir. Lakin bu arqument iki il əvvəl çıxmış modellər üçün bir qədər şübhəli görünür.
Nəticədə isə Surface cihazları rəqabətdə zəif mövqeyə düşür. Məsələn, MacBook Air (M5) eyni xüsusiyyətlərlə təxminən 400 dollar daha ucuzdur. Üstəlik, qiymət-keyfiyyət balansına görə MacBook Neo-ya bənzər bir alternativ Microsoft-da ümumiyyətlə yoxdur.






