Adətən pulsuz oyun kampaniyaları ilə oyunçuların diqqətini Epic Games Store cəlb etsə də, bəzən digər platformalarda da xoş sürprizlər olur. Bu dəfə isə belə kampaniya Steam platformasında başlayıb.
Martın 8-i axşam saatlarında Daedalic Entertainment nəşriyyatı məşhur Deponia oyununun qiymətini sıfıra endirib. Beləliklə, istifadəçilər bu klassik macəra oyununu tamamilə pulsuz və həmişəlik öz kitabxanalarına əlavə edə bilərlər.
Aksiya 16 mart saat 21:00 (Bakı vaxtı) tarixinədək davam edəcək. Qeyd etmək lazımdır ki, bu versiyada Steam kolleksiya kartları mövcud deyil.
Hazırda Steam-də Daedalic Entertainment oyunlarına geniş endirim kampaniyası da keçirilir. Endirimə düşən layihələr arasında mübahisəli qarşılanan The Lord of the Rings: Gollum da var. Bu satış kampaniyası 23 mart tarixində başa çatacaq.




