The Information mənbəsinin məlumatına görə, Apple hazırda geyimə bərkidilən yeni nəsil ağıllı aksessuar üzərində işləyir. Konseptual olaraq bu cihaz satışlarda uğursuzluğa düçar olmuş Humane AI Pin-i xatırladır, lakin Apple ona daha geniş süni intellekt imkanları, kamera və müxtəlif sensorlar əlavə etməyi planlaşdırır.
Mənbənin bildirdiyinə görə, qurğu hələ erkən inkişaf mərhələsindədir. Mühəndis prototipi “alüminium-şüşə korpusda nazik, yastı dairə” formasında təsvir olunur və paltara bərkidilmək üçün xüsusi mexanizmə malikdir.
İddialara əsasən, aksessuar iki kamera (əsas və ultra genişbucaqlı), eləcə də ətraf səsləri tutmaq üçün üç daxili mikrofon alacaq. Arxa hissədə dinamik, fiziki düymə və Apple Watch-a bənzər maqnitli enerji kontaktları yerləşəcək. Şayiələrə görə, Apple mühəndisləri cihazın ölçüsünü AirTag qədər, lakin bir qədər qalın korpusda saxlamağa çalışırlar.
Maraqlıdır ki, oxşar konseptli İİ-gadceti 2026-cı ildə OpenAI buraxmağı planlaşdırır. Görünür, Apple bu istiqamətdə rəqabətdən geri qalmaq istəmir. Bununla belə, “alma” loqolu aksessuarın təqdimatı ən tez 2027-ci ildə baş tuta bilər.
Humane AI Pin-in uğursuzluğu fonunda Apple-ın bu riskli sahəyə daxil olması bazarda suallar yaradır: şirkət bu dəfə İİ-ni gündəlik həyata həqiqətən faydalı şəkildə inteqrasiya edə biləcəkmi?





