Coca-Cola məşhur qırmızı yük maşınları ilə bağlı ənənəvi Milad reklamını yenilənmiş formada təqdim edib. Bu dəfə video klassik üsulla deyil, süni intellekt əsaslı kontent yaradan sistemlər vasitəsilə hazırlanıb.
Layihədə Silverside və Secret Level studiyaları iştirak edib — onlar neyroşəbəkələr və vizual generatorlardan istifadə edərək reklam materiallarının hazırlanmasına cavabdeh olublar. Komanda video kadrların işlənməsi, effektlərin seçilməsi və İA alqoritmlərinin yekun montaja inteqrasiyası üzərində çalışıb. Ümumilikdə təxminən 100 nəfərlik heyət, o cümlədən 5 mühəndis İA-nın idarəsinə cavabdeh olub.
Son versiyanın yığılması üçün 70 mindən çox video fraqment yaradılıb. Şirkətin marketinq direktoru Manolo Arroyonun sözlərinə görə, İA sayəsində istehsal prosesi xeyli sürətlənib: əvvəl reklamın hazırlanması təxminən bir il çəkirdisə, indi bu müddət bir aya qədər azalıb.
Lakin nəticə gözlənilən kimi olmayıb — reklam tamaşaçılar tərəfindən mənfi qarşılanıb. Rəsmi paylaşıma yazılan şərhlərin təxminən 95%-i neqativdir. İstifadəçilər reklamdakı stil uyğunsuzluğundan, heyvanların təbii görünməməsindən və “üzən” yük maşınlarından şikayətləniblər. Bir çoxları hesab edir ki, kampaniyanın şüarı “Real Magic” bu dəfə sarkazm kimi səslənir.





