Google yeni Pixel 10 seriyasının təqdimat tarixini rəsmi şəkildə təsdiqləyib. Şirkətin verdiyi məlumata görə, “Made by Google” tədbiri 20 avqustda baş tutacaq.
Təqdimat zamanı Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL, Pixel 10 Pro Fold smartfonları və Pixel Watch 4 ağıllı saatının nümayiş etdiriləcəyi gözlənilir. Həmçinin Pixel Buds 2a qulaqlıqlarının da təqdim olunması mümkündür.
Ötən il Pixel 9 seriyası 13 avqustda təqdim olunmuşdu. Bu ilki tədbir isə bir həftə gec keçiriləcək. Bu dəyişiklik Pixel 10 seriyasının debütünü sentyabrın ikinci yarısınfa gözlənilən iPhone 17 təqdimatına daha da yaxınlaşdırır.
İlkin məlumatlara görə, Pixel 10 seriyasındakı bütün modellər həm teleobyektiv, həm də ultrageniş kamera vasitəsilə makro çəkmə funksiyası ilə təchiz ediləcək. Həmçinin, telefonlar Pixelsnap maqnit aksessuarlarını dəstəkləyəcək, lakin yalnız xüsusi örtüklər (çexollar) vasitəsilə. Yəni, iPhone-lardan fərqli olaraq, cihazların özlərində maqnit olmayacaq.
Bütün seriya Google-un özünün hazırladığı və artıq Samsung deyil, TSMC tərəfindən istehsal olunan yeni Tensor G5 prosessoru üzərində işləyəcək.