Analitik tədqiqat şirkəti CIRP 2025-ci ilin birinci rübündə iPhone satışlarına dair hesabat yayımlayıb. Məlumatlar yalnız ABŞ bazarını əhatə etsə də, statistik göstəricilər Apple-ın 16-cı nəsil smartfonlarına olan tələbatla bağlı maraqlı detalları ortaya çıxarıb.
Keçən illə müqayisədə satışların daha sərfəli modellərə yönəldiyi görünür. 2025-ci ilin birinci rübündə iPhone 16 Pro və Pro Max modelləri ümumi satışların 38%-ni təşkil edib. Halbuki 2024-cü ildə bu göstərici iPhone 15 Pro və Pro Max üçün 45% idi.
Statistikaya əsasən, ən çox satılan model iPhone 16 Pro Max olub — onun payı 21%-dir. Gözlənilmədən ikinci yeri baza model olan iPhone 16 tutub — 20%. Üçüncü pillədə isə iPhone 16 Pro qərarlaşıb — 15%. Müqayisə üçün: ötən il iPhone 15 Pro və 15 Pro Max demək olar ki, bərabər payla — 22% və 23% — satılıb, iPhone 15 isə 14% göstərici ilə üçüncü olmuşdu.
Qeyd etməyə dəyər ki, iPhone 16e yalnız fevralın sonunda satışa çıxsa da, onun ümumi satışlardakı payı artıq 7%-ə çatıb.