Sizlərlə bulud texnologiyaları haqqında yazdığım məqaləni paylaşmaq istəyirəm. Bu məqalədə Azərbaycanda və Orta Asiya ölkələrində bulud texnologiyalarının tətbiqi, onların rəqəmsal transformasiya strategiyasına olan təsiri, eyni zamanda bu texnologiyaların “yaşıl iqtisadiyyat”a keçidi və inkişafı haqqında danışacağam.
Bulud texnologiyaları son illərdə sürətlə inkişaf edərək, informasiya texnologiyaları sahəsində inqilab yaratmışdır. Məlumatların, tətbiqlərin və xidmətlərin internet üzərindən təmin edilməsi, təşkilatların işini daha səmərəli və iqtisadi cəhətdən əlverişli hala gətirməklə, fərdi istifadəçilərdən tutmuş böyük müəssisələrə qədər geniş bir auditoriyaya xidmət edir. Məlumatların təhlükəsizliyini artıraraq, resursların effektiv istifadəsini təmin edir və müştərilərə hər yerdən və istənilən vaxt məlumatlarına çıxış imkanı yaradır. Bunlar hamısı rəqəmsal transformasiya layihəsinin vacib elementlərindən biridir.
Azərbaycanda və Orta Asiya ölkələrində rəqəmsal transformasiya və “yaşıl iqtisadiyyat”a keçid, bulud texnologiyalarının tətbiqini daha da sürətləndirir. Dövlət və özəl sektor arasında əməkdaşlıq nəticəsində bu sahədə bir sıra müsbət addımlar atılmışdır. COP29 sammiti Azərbaycanın rəqəmsal transformasiya və innovativ həllərlə dayanıqlılıq, “yaşıl” iqtisadiyyat, o cümlədən təbiətin qorunması üzrə təşəbbüslərinin nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Burada buluddan istifadə öz təsirini göstərir və karbon emissiyasının azalmasına töhfə verir.
İqtisadiyyatın bütün sektorlarında rəqəmsal transformasiya prosesi artıq gedir. Bir çox banklar bulud texnologiyalarını istifadə edərək, müştəri xidmətlərini və əməliyyatlarını optimallaşdırmağa başlayıb. Bu, onların təhlükəsizliyi, sürəti və müştəri məmnuniyyətini artırmasına kömək edir.
Telekommunikasiya şirkətləri bulud xidmətləri təqdim edərək, müştərilərə daha geniş xidmət portfeli təqdim edir. Bu, həmçinin şəbəkə xidmətlərinin daha səmərəli idarə olunmasına şərait yaradır.
Onlayn Təhsil Platformaları: COVID-19 pandemiyası dövründə bulud texnologiyaları vasitəsilə onlayn təhsil platformaları sürətlə inkişaf etdi. Bu, tələbələrin distant təhsil almasına və tədris resurslarına asan çıxış əldə etməsinə imkan tanıdı.
Azərbaycanda bir sıra texnologiya startupları bulud əsaslı xidmətlər təqdim edir. Bu startuplar fərdi istifadəçilərdən tutmuş kiçik və orta müəssisələrə qədər geniş müştəri bazasına xidmət göstərir.
Bulud texnologiyalarının tətbiqi ilə yanaşı, məlumat təhlükəsizliyi məsələləri də ön planda durur. Müxtəlif şirkətlər kibertəhlükəsizliyini bulud provayderlərinə etibar edərək, daha keyfiyyətli və peşəkar xidmət alır və büdcələrinə ciddi dərəcədə qənaət edirlər.
İndi isə gəlin Orta Asiya ölkələrində bulud texnologiyalarının tətbiqinə nəzər salaq. 2024-cü ildən etibarən Orta Asiyada bulud xidmətləri regionda rəqəmsal transformasiya təşəbbüslərinin artması hesabına inkişaf edir. Qeyd edim rəqəmlər ölkəyə və mənbəyə görə dəyişir.
Qazaxıstan: Bulud xidmətləri bazarının 2030-cü ildə təqribən 200 milyon dollara çatacağı təxmin edilir ki, bu da həm dövlət, həm də özəl sektorda rəqəmsallaşma səyləri nəticəsində güclü artımı əks etdirir. Müəssisələrin təxminən 60%-nin bulud xidmətlərindən, xüsusən də maliyyə, telekommunikasiya və dövlət sektorlarda istifadə edəcəyi gözlənilir.
Özbəkistan: Bulud xidmətləri bazarının 2030-cu ilə qədər təxminən 135 milyon dollara qədər artacağı proqnozlaşdırılır ki, buna da rəqəmsal infrastrukturun gücləndirilməsi üçün hökümət tərəfindən təkan verilir. Bizneslərin təxminən 50%-nin bulud həllərini, xüsusən də e-hökumət və e-ticarətdə mənimsəməsi gözlənilir.
Qırğızıstan: Bulud xidmətləri bazarı 2030-cu ildə təxminən 30 milyon dollar qiymətləndirilir. Daha böyük qonşularla müqayisədə bulud texnologiyalarının tətbiqi daha fərqlidir, lakin maraq artır: bizneslərin təxminən 30%-nin bulud xidmətlərindən, ilk növbədə İT və telekommunikasiya sektorlarında istifadə edəcəyi gözlənilir.
Tacikistan: Bulud xidmətləri bazarının 2030-cu ilə qədər 25 milyon dollara çatacağı proqnozlaşdırılır. İnfrastrukturun inkişafı əsas prioritet olaraq qalır. Bulud xidmətləri təxminən 20% təşkil edir və internetə çıxış yaxşılaşdıqca böyümə potensialı var.
Türkmənistan: Bazar realıqlarını nəzərə alaraq, 2030-cu ildə 15 milyon dollar qiymətləndirilir. Məhdud internet infrastrukturu böyüməyə mane olsada ciddi dərəcədə investisiyalar davam edir. Bulud xidmətlərindən müəssisələrin təxminən 10%-i, ilk növbədə dövlət müəssisələrində istifadə edilir.
Azərbaycan rəqəmsal transformasiya təşəbbüsləri, dövlət dəstəyi və inkişaf edən İT sektoru sayəsində bulud xidmətlərinin inkişafı və tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edib. 2030-cu ilə qədər bulud xidmətləri bazarının təqribən 100 milyon dollara çatacağı proqnozlaşdırılır. Bu, hökumət, maliyyə, telekommunikasiya və təhsil də daxil olmaqla müxtəlif sektorlar üzrə artan rəqəmsal transformasiya təşəbbüsləri ilə əsaslanan əhəmiyyətli artımı əks etdirir. Azərbaycanda bulud texnologiyalarının tətbiqi, ölkənin rəqəmsal transformasiyasını sürətləndirməkdə, müasir xidmətlər təqdim etməkdə və iqtisadiyyatın diversifikasiyasına töhfə verməkdə mühüm rol oynayır.
Beləliklə, regionda gedən trendlərə baxsaq, Orta Asiya ölkələrində bulud xidmətlərini dəstəkləmək üçün İKT infrastrukturuna getdikcə daha çox sərmayə qoyulur. Hökumət təşəbbüsləri və müxtəlif hökumətlər bulud hesablamalarının qəbulunu əhatə edən rəqəmsal transformasiya strategiyalarını təşviq edirlər. Buludun tətbiqinə təkan verən əsas sektorlar maliyyə, telekommunikasiya, təhsil və e-hökumət daxildir.
Buradakı çağırışlara nəzər saldıqda, infrastruktur, internet bağlantısı və infrastrukturun keyfiyyəti regionda əhəmiyyətli dərəcədə dəyişir və bulud xidmətinin qəbuluna təsir göstərir. Tənzimləyici mühit hər bir ölkənin bulud xidmətinin yerləşdirilməsi və məlumat təhlükəsizliyinə təsir göstərə bilən öz qaydaları var.
Orta Asiyada bulud xidmətləri bazarı gələcək illərdə əhəmiyyətli artım potensialı ilə yüksələn bir trayektoriyadadır. Ölkələr rəqəmsal transformasiyaya üstünlük verdikcə və İKT infrastrukturunu təkmilləşdirdikcə, bulud xidmətlərinin tətbiqinin artacağı və regionun müxtəlif sektorlarına fayda verəcəyi gözlənilir. Bulud texnologiyaları və onların müxtəlif ölkələrdə tətbiqi ilə bağlı təcrübəmizdən paylaşmağa davam edəcəyik.
Mənbə: Samir Nuriyev