Canalys analitik şirkəti 2024-cü ilin üçüncü rübünün nəticələrinə əsasən qlobal smartfon bazarındakı vəziyyəti əks etdirən yeni hesabat dərc edib. Mütəxəssislər smartfon markalarının tədarük həcminə görə populyarlıq reytinqini yeniləyiblər.
İyul-sentyabr ayları arasında 57,5 milyon cihaz tədarük edən Samsung 19% bazar payı ilə liderliyini qoruyub. Bununla belə, kəmiyyət baxımından brend ötən ilin eyni dövrü ilə müqayisədə 2% itirib.
Reytinqdə ikinci yerdə Apple şirkəti qərarlaşıb, o, əksinə, 2023-cü illə müqayisədə tədarük həcmini 9% artıraraq 54,5 milyon ədədə çatdırıb. Bu, şirkətə bazarın 18%-ni “ələ keçirməyə” imkan verdi. Analitiklər bu uğuru yeni iPhone 16-nın son buraxılışı, eləcə də təchizat kanallarının optimallaşdırılması ilə əlaqələndirirlər.
Üçüncü yerdə Çinin Xiaomi (42,8 milyon qadcet və bazarın 14%-i), dördüncü yerdə isə OPPO (müvafiq olaraq 28,6 milyon və 9%) qərarlaşıb. İlk 5-liyi vivo (27,2 milyon cihaz və bazarın 9%-i) qapayır.
Ümumilikdə, bu ilin üçüncü rübündə dünya bazarına 309,9 milyon smartfon çıxarılıb: ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.