Playstation və Xbox oyun platformalarının son illər ərzində video oyun bazarında daha böyük yer tutması, fərdi kompüterlərin asan daşınan və daha zəif noutbuklarla əvəz olunması, xüsusən də istehlakçıların tələbləri və maraq dairələrinin dəyişməsi, video oyun janrlarının inkişafına da təsirsiz keçmədi. Ən böyük zərbəni öz üzərinə strategiya janrının aldığını desək, yəqin ki, yanılmarıq.
Ancaq, əziz oxucu, bu yazıda hamımızın strategiya oynadığımız dövrlərin nostaljik xatirələrinə dalmayacağıq. Əksinə, çoxdan sevilən oyun silsiləsinin yeni alt xətti haqda, qaranlıq keçmişə yeni işıq altında baxmaq imkanından danışacağıq.
Total War
Strategiya janrı həvəskarları, xüsusən də qəliz, çoxparametrli və realistik oyunları sevənlər, İngiltərədə yerləşən Creative Assembly studiyasının Total War silsiləsini yaxşı tanıyırlar.
Europa Universalis qədər qəliz olmasalar da, Total War oyunları ənənəvi strategiya oyunlarından daha dolğun və mürəkkəbdirlər. Studiyanı öz nişalarının monopoliyasında belə ittiham etmək olar. Hesab olunur ki, öz alt-janrında rəqibsiz qalan Creative Assembly o qədər rahatlayıb ki, eyni oyun motorlarına yeni don geyindirib, oyunçulara sırıyır.
Total War oyunlarının əsas xüsusiyyəti, növbəli strategiya və real zamanda döyüş əməliyyatlarının birləşməsidir. Oyunun növbəli strategiya hissəsində, siz vilayətlərinizin iqtisadi və hərbi inkişafı, dövlətinizin daxili çəkişmələri, xarici diplomatik və ticari əlaqələri, elmi tətqiqatlarla məşğul olursunuz. Bir növ, Civilisation franşizindəki kimi.
Döyüşlər isə real zamanda, relyef və hava şəraitini nəzərə alan realistik mühitdə, müxtəlif hərbi qoşunlardan ibarət ordular arasında keçir. Əsgərlər isə ayrı-ayrı deyil, dəstələrlə idarə olunur.
Total War oyunları adətən geniş coğrafi məkanı və bir-neçə əsrlik zaman kəsimini əhatə edən quruluşda yer alır. İndiyədək, oyunlarda Roma İmperiyası, Orta Əsrlərin Avropası, Feodal Yaponiya, Napoleon müharibələri kimi tarixi dövrlərə müraciət edilib.
Məsələn, 2013-ci ildə satışa çıxan Total War: Rome II oyunu eramızdan əvvəl 272-ci ildə başlayır və 300 il davam edir. Oyun xəritəsində Saharadan Şotlandiyaya, oradan da Əfqanıstana qədər 183 vilayət, 117 fraksiya (dövlət, icma və qəbilələr) və 500-dən çox müxtəlif hərbi dəstələr təmsil olunub. 2015-ci ildə buraxılan Total War: Attila oyunu isə eramızın 395-ci ilində başlayıb VI əsrin sonunadək davam edir. Bu dəfə xəritə 154 fraksiya və 186 vilayət olmaqla bugünkü Moskva və Şərqi Hindistana qədər genişlənərək, oyunçunun diqqətini əsas qəhraman — Hun imperatoru Atillanın Avropaya yürüşünə çəkir.
Nəhayət, 2016 və 2017-ci illərdə işıq üzü görən Total War: Warhammer və Total War: Warhammer II oyunları ilk dəfə real dünyadan fantastik Warhammer kainatına keçid alıb.
Total War Saga: Thrones of Britannia
Fantaziya dünyasından real tarixə dönüş 2017-ci ilin noyabrında elan edildi. Əsas Total War silsiləsi üçün spinoff kimi təqdim edilən Total War Saga xətti altında konkret tarixi hadisə ətrafında və daha məhdud coğrafiyada formalaşan oyunlar birləşəcək.
Böyük Britaniya tarixini sevən bir insan kimi mənim üçün bu elan vaxtından bir qədər əvvəl, gözlənilməz şəkildə gələn yeni il (və doğum günü) hədiyyəsi oldu. May ayının 3-də işıq üzü görmüş Total War Saga: Thrones of Britannia oyununun hadisələri 878-ci ildə, bugünkü Britaniya adalarında cərəyan edir və Vikinq (1) hücumları kimi tanıdığımız dövrü əhatə edir.
Belə bir məkan və zaman seçiminin səbəbi həm Creative Assembly studiyasının Britaniyada yerləşməsi, həm də son illər media məkanında «vikinqlər» mövzusuna artan maraq olub.
(1) Əslində, vikinq sözü xalqı deyil, fəaliyyəti təsvir edir. Britaniyada məskunlaşmaq planlarından əvvəl, danimarkalılar Brit adalarına sürətli hücumlar edərək, sahilyanı yaşayış məntəqələrini, xüsusən də qızıl və gümüşün daha çox saxlanıldığı kilsə və monastırları talayırdılar. Bu cür hücumlara «vikinqliyə getmək» deyirdilər.
Birləşməmiş Krallıqlar
Hər din ilə, məzhəblə, siyasətlə cihanda
Hər fırtına qopmuşsa, əvət, bən varam orda.
(Hüseyn Cavid, «İblis»)
İndi isə 878-ci ildə dumanlı, bir o qədər də qanlı Albionda nələr baş verdiyinə diqqət yetirək.
Parçalanmış, talanmış, amansız, eyni zamanda ümidsiz Dumanlı Albionda çoxtərəfli müharibə gedir. Danimarkalılar, saksonlar, şotlandiyalılar, irlandiyalılar və uelslilər öz gələcəkləri uğrunda son nəfəsədək vuruşmağa hazırlaşırlar. Britaniya torpaqlarında mübarizə təkcə xalqlar arasında getmir. Döyüş meydanlarında daha böyük və daha əhəmiyyətli mübarizə: saksların və skandinaviyalıların ibadət etdikləri (xristianlığı qəbul etmədən əvvəl) qədim ilah Odin və onun övladları ilə xristian Tanrısı arasında ölüm-dirim savaşı davam etməkdədir.
Bütün Britaniya və İrlandiya adalarını zəbt etmək iddiası ilə bura hücum edən böyük vikinq ordusunun ilk həmləsindən on il keçir. O zamanlar hələ «Böyük» ləqəbini qazanmamış cavan, dəliqanlı və bir o qədər də dindar olmayan gənc Vesseks kralı Alfred, Etandun (indiki Eddington) yaxınlarında vikinqlərin Böyük Kafir Ordusunu (Great Heathen Army) darmadağın edərək, danimarkalıların adanı tamamilə zəbt etmələrinin qarşısını alır.
Mərkəzi Britaniyada yerləşən Mersiya krallığında taxt-taca yenicə oturan Seovulf, uelsliləri özünə tabe etməyə çalışır. Gerçəkdə, bir-neçə il sonra oöləcək və taxt-tac Böyük Alfredin gələcək kürəkəni Etelredə keçəcək. Lakin oyunda da bunun baş verib-verməyəcəyi tamamilə sizdən asılıdır.
Ancaq Mersiya, artıq o vaxtkı krallıq deyil, çünki London daxil olmaqla krallığın demək olar ki, Şotlandiyaya qədər olan Şimal-Şərq hissəsi danimarkalıların əlindədir. Keçmişdə qul olmuş York hökmdarı Qutrid tərəfindən idarə olunan ərazidə xristian dini repressiyalara məruz qalıb, ingilis dili qadağan olunub, anqlo-saksların həyatı isə.. belə deyək, elə də gözəl deyil. Danimarkalıların bir hissəsinə başçılıq edən kral Qutrum Böyük Alfredə məğlub olduqdan sonra onunla sülh sazişini imzalayaraq Xristianlığı qəbul edir və Şərqi İngiltərə krallığında qərarlaşır. Qeyd etmək lazımdır ki, atəşkəs razılaşmalarını pozmaq dəbi hələ o vaxtlardan bəri yaranıb.
Uelsdə mersiyalılar tərəfindən qətlə yetirilən kral Rodrinin intiqamını almaq arzusu ilə yaşayan oğlu Anaraud yenicə kral elan edilib. Qonşuluqda isə Kral Ran öz mövqelərini bərkitməyə çalışır.
Sərt iqlimli Şotlandiya torpaqlarında taxt-taca gənc, hiyləgər və çox iddialı Aed mak Kinada oturur. Gələcəkdə şotlandiyalıların ilk kralı kimi tarixdə qalacaq Aed qərbdən hücum etməyə çalışan danimarkalılara müqavimət göstərməklə yanaşı, həm də Şotlandiya vilayətlərini birləşdirmək fikrindədir. Təbii ki, sərhədləri cənuba tərəf genişləndirmək, Şotlandiyanın, necə deyərlər, «milli idman növü» olaraq qalır.
İrlandiyada, Mide kralı Flann Sinna adadakı Qalliya krallıqlarını birləşdirməyə və Dublin vikinqlərini dənizə atmağa çalışır.
İrlandiya respublikasının hazırki paytaxtı Dublinin bünövrəsini qoyan dəniz vikinq kralı Bardr da adanı birləşdirmək istəyir, ancaq onunla Flann Sinnanın planların oxşarlığı elə bununla da yekunlaşır. Digər dəniz vikinq kralı Eirik, Qərbi Şotlandiyadan Vesseksə qədər irəliləmək və Kilsənin bütün qızıllarını mənimsəmək arzusundadır.
Fraksiyalar
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
(Hüseyn Cavid, «İblis»)
Beləliklə, oyunçuya seçim üçün təqdim olunan fraksiyaların sayı və başçıları da məlum oldu. Beş mədəniyyət qrupu arasında bərabər bölünmüş on fraksiyanın hər biri özünəməxsus müsbət və mənfi cəhətlərə, eləcə də xüsusi hərbi dəstələrə malikdir.
Anqlo-saksonlar Vesseks kralı Alfred və Mersiya kralı Seovulfla təmsil olunublar. Qalliya klanları mərkəzi İrlandiyanın Mide krallığında Flann Sinna və Şotlandiyanın Kirken krallığında Aed mak Kinadanın başçılığı altında çıxış edirlər. Uels mədəniyyəti isə kral Anaraud və kral Ranla təmsil olunur.
Vikinqlər iki ayrı mədəni qrupa bölünüblər. Böyük Vikinq Ordusunun (tarixi adı «Böyük Kafir Ordusu») varisləri Şimali İngiltərədə Nortumbriya və adanın Cənub-Şərqində Şərqi İngiltərə krallığında qərarlaşıblar. Nortumbriya keçmiş qul Qutfrid, Şərqi İngiltərə isə yenicə məğlub olan Qutrum tərəfindən idarə olunur. Dəniz Vikinq Kralları mədəni qrupa Qalliya torpaqlarında məskunlaşan Dublin kralı Bardr və qərbi Şotlandiya adalarındakı kral Eirik daxildirlər.
Ümumiyyətlə, oyunda əllidən çox fraksiya yer alır. Onları işğal edərək və ya vassalınıza çevirərək özünüzə tabe tuta bilərsiniz.
Gələcək Birləşmiş Krallıqların kimlər tərəfindən, necə və hansı bayraq altında birləşməsi sizin əlinizdədir.
Hər fraksiyanın özünəməxsus qələbə şərtləri var: xüsusi süjet xətti, stratejik ərazilərin fəth edilməsi, nüfuzunuzun artması və ya əsas rəqiblərinizin süqut etmələri… Uzun və yüksək tələbatlı kampaniya boyu etdiyiniz seçimlər, qazandığınız fərdi xüsusiyyətlər və etdiyiniz əməllər bu yoldakı uğurlarınızı və məğlubiyyətlərinizi müəyyənləşdirəcək. Misal üçün, Mide krallığının məqsədi İrlandiyanı birləşdirmək və adanın bütün vilayətlərinə nəzarət etməkdir. Xüsusi süjet xəttinin uğurla yekunlaşması halında, krallığınızın adı dəyişərək İrlandiya, Uels, Şotlandiya və ya İngiltərə krallığı olacaq.
«Sən də gəl, ər istər bana saldıra!»
Oyunun adından da anlaşıldığı kimi, orta əsrlərdə keçirəcəyiniz yüzlərlə saatın əksər hissəsini əsgərlərinizi hansısa qonşu hökmdarın sərhədlərini fəth etməklə, katapultlarınızla qala divarlarını darmadağın etmək və ya təpənin üstündə yer tutaraq düşmənin qılınclarınıza gəlməsini gözləyərək atlarınızı cinahlardan onların üstünə göndərib döyüşməklə keçirəcəksiniz.
Ötən oyunlarla müqayisədə yeniliklərin sayı çox az olsa da, döyüşlər sizi narazı qoymayacaq — bunu dəqiq demək olar.
Vikinq müharibələri qalxan sədləri döyüşlərinin dövrüdür. Uzun, yorucu və qanlı. Buna görə oyunda piyada dəstələrinin sıraları sıxlaşdırılıb, «qalxan səddi» seçimi əlavə edilib, atlıların döyüş mexanizmi dəyişdirilərək reallığa daha yaxınlaşdırılıb.
Döyüş strategiyasının əhəmiyyətini də unutmamaq lazımdır. Ordu sıralarını formalaşdırarkən, dəstələrin növlərini (oxçular, topçular, yüngül və ya zirehli atlılar, qılınclı və ya nizəli piyadalar və d.), relyefi və hava şəraitini nəzərə almaq, bəzi dəstələri təpə arxasında, yaxud meşələrdə gizlədərək pusqular qurmaq, ordunu bir neçə yerə bölərək döyüşü öz xeyrinizə çevirməyi bacarmalısınız. Belə təcrübəni həm oynadıqca, həm də mövzuya aid Youtube materiallarına baxaraq qazana bilərsiniz.
Creative Assembly vətənpərvərlik hisslərinə qapılaraq Britaniya adalarında nə az, nə çox, düz 16 unikal şəhər planlaşdırması hazırlayıblar. Hər bir şəhəri zəbt və müdafiə etməyin bir neçə yolu var. Bəzi şəhərlərin bir neçə qala divarı, adaları, körpüləri, bəzilərinin dənizə (daha dəqiq desək, düşmən gəmilərinin əsgər gətirə biləcəyi sahillərə) çıxışı, Romalılardan qalan yaşayış məntəqələrinin isə hətta daş qala divarları var.
«Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət» …və diplomatiya
«Britaniya Taxtları»nda sanki bütün Total War oyunlarının ən maraqlı diplomatiya imkanları toplanıb. Siz qonşu dövlətlərlə ticarət, müdafiyə və hərbi ittifaqlara daxil olmaqla yanaşı, məsələn, vassal etdiyiniz dövlət başçısının sizə sadiq qalmasını iki ailə arasında evliliklə bərkidə bilərsiniz. Bəzi fraksiyaların sizinlə əvvəlcədən xoş münasibətləri olduğu halda, ətrafınızda bitərəf və ya rəqib fraksiyalar da olacaq. Onların sizə qarşı münasibətini sərhəd pozuntuları, təxribat kimi əməllərlə korlaya və ya hədiyyələr və «şirinliklərlə» yaxşılaşdıra bilərsiniz.
Xarici siyasətlə yanaşı, həm də öz manqalınızda nə şişin, nə də kababın yanmamasına nəzarət etmək lazım gələcək. Sizin sərkərdə və siyasətçilərinizin sadiq olmaları dövlətinizin uğuru üçün olduqca vacib faktordur. Bunun üçün, onları evlilik yolu ilə özünüzə qohum edərək, onlara torpaq və vəzifə verərək «yoldan çıxmamağa» təşviq etməli olacaqsınız. Əks halda, ordu başçıları ordunun yarısı ilə sizə qarşı üsyan qaldıra, vilayət başçıları isə separatçılığa başlaya bilərlər. Xüsusilə qeyd edək ki, sədaqətsiz qulluqçularınıza dünyadan «faciəvi şəkildə» köçməyə kömək də edə bilərsiniz.
İndi məntiqi bir sual yarana bilər ki, «nə şiş yansın, nə kabab» məsəlinin bunlara nə dəxli var? Yetər ki, kabab yanmasın, elə deyilmi? Elədir. Zəbt (sizin nöqteyi-nəzərinizdən — fəth) edilən torpaqları paylayarkən, gərək həmişə bir Kral olaraq özünüz üçün daha çox torpaq saxlayasınız, çünki torpaq gəlir mənbəyi olmaqla yanaşı, həm də təsir qüvvəsidir. Əgər zadəganlardan kiminsə təsir qüvvəsi sizin (kralın) təsir qüvvəsindən daha çox olsa, sizi yenə də çevriliş gözləyir.
Kralınız və kral ailəsi, zadəgan və sərkərdələriniz, oyundakı hadisələrə uyğun şəkildə müxtəlif fərdi xüsusiyyətlər qazanacaqlar. Personajların şəxsiyyəti həm də davamçı qazanmaqla formalaşacaq. Beləliklə, oyundakı personajlar qorxaq və ya cəsarətli, uzaqgörən və ya hiyləgər, müdrik və ya axmaq, qənaətcil və ya bədxərc olmaqla, nəticədə sizə bonus və malus qazandıracaqlar.
«Ordunuz saçdı bütün gözlərə nur» və ya qaliblər mühakimə olunmur
Thrones of Britannia da istisna təşkil etmir. Ancaq Creative Assembly studiyasının oyunlar üzrə direktoru (deyəsən, şirkətin büdcəsinin yarısını öz kostyumuna xərcləyən) Cek Lastedə görə (Jack Lasted), qələbənin də müxtəlif növləri olur.
Ən asanı «zəbtetmə»dir. Bunun üçün sadəcə müəyyən sayda vilayətlərə hücum etmək, oraları yandırmaq, talamaq və özünə tabe etmək, uzun sözün qısası, «teyxa vikinqlik» etmək yetər.
İkinci qələbə növü — «şöhrət»dir. Bunun üçün, siz həm bol-bol ərazi zəbt etməli, həm də xüsusi binalar tikməli, texnologiyalar tətbiq etməlisiniz. Bəzi fraksiyalar üçün «şöhrət» qazanmaq digərlərindən daha asandır.
Üçüncü qələbə növünün adı «krallıq»dır. Bunun üçün siz hadisələri oyunun nəzər nöqtəsinə uyğun olaraq «düzgün» ardıcıllıqla həyata keçirməlisiniz.
«Hamının özünəməxsus oyun üslubu olduğuna görə biz hərkəsə öz yolu ilə qələbə qazanmaq imkanı verməyə çalışdıq», — Lasted deyib.
Yekunlaşdırıcı fikirlər
Yekunda demək olar ki, Britaniya Taxtları bütün üstünlük və çatmazlıqları ilə Total War: Attila oyununun layiqli varisidir. Burada sanki gələcək Birləşmiş Krallıqların döyüş meydanlarına franşizin bütün güclü və zəif tərəfləri, bütün xalqlar bir araya gətirilərək Britaniya adalarının birləşməsi hekayəsi rəvayət olunur.
Bu oyun hər hansı inqilabi yeniliyi gətirmək qabiliyyətindən məhrum olsa da, öz tarixçəsini yazmağa qərarlı bir məhsuldur. Creative Assembly-nin yenilik etmək riskindən uzaq durmağa çalışmasına əsaslandırılmış irad gətirmək olsa da, nəticədə «Britaniya Taxtları» burada işıqlandırılmış tarixi hadisələrə medianın marağı, eləcə də oyunun nisbətən daha ucuz qiymətini nəzərə alınmaqla həm sədaqətli oyunçuları razı sala, həm də yeni oyunçu kütləsini cəlb edə biləcək.
Qılıncınızı bərk tutun, Valhallada görüşənədək!
«Şu qılıc! Bir də şu mənalı kitab!» və ya postskriptumlar
P.S.: Tarix dərsinin davamı
Mövzu və o dövrün tarixi ilə daha yaxından tanış olmaq üçün yetərincə çap və audiovizual mənbələr mövcuddur.
Mənim şəxsi fikrimcə, «vikinq müharibələri» və İngiltərə Krallığının birləşməsi mövzusuna giriş etməyin ən rahat yolu, Bernard Kornvellin (Bernard Cornwell) «Sakson xronikaları» tarixi romanlar silsiləsidir. Bu kitablar əsasında hazırda «Sonuncu krallıq» (Last Kingdom) serialının çəkilişləri gedir.
Şəxsən baxmış olmasam da, «Vikinqlər» serialının həmçinin mövzunu təsvir etdiyini yəqin ki, qeyd etmək olar.
P.P.S.: Digər krallıqlar haqqında xəbərlər
Creative Assembly studiyası, 2018-ci ildə bir deyil, iki oyunla bazara çıxacağını elan edib.
Belə ki, 2018-ci ilin payızında, əsas silsiləyə aid olacaq Total War: Three Kingdoms — «Üç Krallıq» oyunu işıq üzü görəcək. Oyun eramızın 190-cı ilində qədim Çin İmperiyasında, Han dinastiyasının süqutu və vətəndaş müharibəsi nəticəsində Çində üç krallığın yaranmasından bəhs edir. Bədii yaradıcılıqda Kral Artur əfsanəsi qədər çox müraciət olunan bu tarixi dövr, franşiz pərəstişkarları tərəfindən həyəcanla gözlənilir: görəsən, öz sahəsinin hegemonu Creative Assembly bu dəfə də bizə yeni don altında köhnə oyun sırımağa çalışacaqmı?
Müəllif: Musa Pünhan, Brüssel (Belçika Krallığı)
Məqalənin alt başlıqlarında eşqin və elmin hərbdən daha uca olduğuna inanan Hüseyn Cavidin «İblis», «Səyavuş və Peyğəmbər» pyeslərindən sitatlar istifadə edilib.
Buraxılış tarixi: 3 may 2018
İstehsalçı: Creative Assembly
Nəşriyyatçı: SEGA
Rəsmi veb-sayt: www.totalwar.com
Oyunun janrı: Action / Strategy
Platforma: PC, Mac, Linux
Multipleyer: Yox
Yaş məhdudiyyəti: 16+
PC üçün tövsiyə edilən sistem tələbləri:
Əməliyyat sistemi: Windows 7 SP1 / 8.1 / 10 (64 bit);
Prosessor: Intel Core i5-4570 (3,2 GHz);
Video kart: NVIDIA GeForce GTX 770 4 Gb / AMD Radeon R9 290X 4 Gb @1080p;
Əməliyyat yaddaşı: 8 Gb;
30 Gb boş yer.