İsveçin Ericsson şirkətinin keçirdiyi araşdırmanın nəticələrinə görə, 2018-ci ildə Əşyaların İnternetinə (Internet of Things, IoT) qoşula bilən qurğuların sayı mobil telefonların sayını ötüb keçəcək. Ericsson Mobility Report təhlilçilərinin dərc etdikləri hesabatda deyilir ki, 2015 — 2021-ci illərdə IoT qoşulmalarının sayı ildə 23% artacaq. Proqnoz müddətinin sonunda ümumilikdə 28 milyard qoşulmuş qurğulardan 16 milyardı Əşyaların İnterneti seqmentində olacaq. Ən dinamik inkişaf Qərbi Avropa ölkələrində gözlənilir. Buradakı IoT qoşulmalı qurğuların sayı 2021-ci ilədək 400% artacaq. İnkişafa əsas təkan verən amillər arasında “ağıllı” enerji şəbəkələri üçün irəli sürülən tələblər, eləcə də qoşulmuş avtomobillərin böyüməkdə olan seqmenti və 2018-ci ildən etibarən Avropada eCall təcili çağrı sisteminin icbari qaydada bütün avtomobillərdə quraşdırılması göstərilir.
Əşyaların İnterneti seqmentindəki ən yüksək inkişaf tempi mobil rabitə sistemlərində (Cellular Internet of Things) proqnozlaşdırılır. Bu seqmentdəki qoşulmuş qurğuların ümumi sayı 2015-ci ildən 2021-ci ilədək 400 milyondan 1,5 milyarda qədər artacaq. Ericsson Mobility Report araşdırmasının tam versiyası ilə ericsson.com/ericsson-mobility-report keçidindən tanış olmaq olar.